Tala çayının bəndlərində təhlükəli vəziyyət yaranıb - FOTOLAR

Tala çayının bəndlərində təhlükəli vəziyyət yaranıb - FOTOLAR

Tala çayının Zaqatala şəhəri ərazisindən keçən hissəsində sahilbərkitmə bəndlərində aşma təhlükəsi yaranıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə yağan leysan və intensiv yağışlar nəticəsində Tala çayında suyun səviyyəsində artım müşahidə olunur. İyunun 22-i axşam saatlarından başlayaraq 23-ü günorta saatlarına kimi rayon ərazisində intensiv yağışlar olub.

Rayonun yüksək dağlıq ərazilərində isə leysan yağışları müşahidə olunub. Dağlara yağan intensiv və leysan yağışları nəticəsində gecə saatlarından başlayaraq, Tala çayında suyun səviyyəsi kəskin artıb. Çayın Zaqatala şəhəri ərazisindən keçən hissəsində çay yatağında su axarı çayın sağ sahilinə doğru dəyişib. Betondan quraşdırılmış sahilbərkitmə bəndlərində torpaq-qum layı yuyulub, 80 metr məsəfədə bəndlərin uçma təhlükəsi yaranıb.

Ərazidən keçən yüksək gərginlikli elektrik dirəklərində də aşma təhlükəsinin olduğu bildirilir.

Çayın sağ sahilində yaşayanlar, Nizami Gəncəvi küçəsinin sakinləri sahil bərkitmə bəndlərinin aşacağından, sahildə tikilmiş 100-dən çox evin təhlükə ilə üzləşəcəyindən narahatdırlar.

Sakinlər çayda suyun məcrasının dəyişməsinin səbəbini son vaxtlar Zaqatala şəhəri ərazisindən keçən hissədə çay yatağında təmizlənmə və genişlənmə işlərinin aparılmaması ilə izah edilər.

Zaqatala Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Tala çayının həmin ərazidən keçən hissəsindəki sahilbərkitmə bəndləri keçən əsrin 80-cı illərində tikilib, bəndlər artıq istismar müddətini başa vurub.

Məlumata görə, yaranmış vəziyyəti aradan qaldıqmaq üçün əraziyə ağır texnika gətirilib, suyun səviyyəsi azalan kimi çay yatağında müvafiq işlər aparılacaq.

“Cebheinfo.az”