İran-ABŞ qarşıdurması qlobal müharibəyə çevrilə bilər?

İran-ABŞ qarşıdurması qlobal müharibəyə çevrilə bilər?

Yaxın Şərq növbəti dəfə dünyanın diqqət mərkəzinə çevrilib.

ABŞ-nin İranın strateji nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra regionda siyasi gərginlik hərbi qarşıdurma ilə əvəz olunmağa başlayıb. İsrailin də paralel şəkildə həyata keçirdiyi əməliyyatlar İranı çoxcəhətli cəbhədə özünü müdafiə etməyə məcbur edir.

Artıq sual belədir: bu qarşıdurma hansı məqamda qlobal müharibəyə çevrilə bilər?

İran tərəfi ABŞ hücumunu ölkənin suverenliyinə və regional güc statusuna qarşı açıq təhdid kimi qəbul edir. Tehranın nüvə proqramını davam etdirməkdə israrlı olması, əslində, təkcə texnoloji və hərbi güc nümayişi deyil, həm də daxili legitimliyin qorunması üçün ciddi bir rıçaqdır.

ABŞ isə bu proqramı təkcə İsrailin təhlükəsizliyi deyil, eyni zamanda qlobal nüvə balansı üçün risk hesab edir. Hadisələrin bu şəkildə dramatik gedişi beynəlxalq münasibətlər sistemində yeni riskləri önə çıxarır.

İranın cavab zərbələri ehtimalı, xüsusilə Hörmüz boğazının bağlanması ssenarisi, dünya enerji bazarında təlatüm yarada bilər. Bu isə yalnız regional deyil, qlobal iqtisadi təhlükəsizliyi təhdid edir. Digər tərəfdən, Çin və Rusiya kimi güclərin bu böhrana münasibəti də diqqətlə izlənilir. 

Çin İranın əsas enerji partnyoru və strateji tərəfdaşıdır. Pekin indiyədək neytral mövqe sərgiləsə də, ABŞ-nin bu addımı onun maraqlarını zədələyəcəyi təqdirdə, diplomatik təzyiqləri artıra və informasiya müharibəsində İranı açıq şəkildə müdafiə edə bilər. Rusiya isə, Ukrayna müharibəsi fonunda, Yaxın Şərqdə yeni cəbhənin açılmasını öz maraqları üçün fürsətə çevirə bilər.

Türkiyə isə geosiyasi baxımdan kritik nöqtədədir. İranla sərhəddə yerləşməsi, enerji asılılığı və NATO üzvü kimi statusu Ankara üçün balanslaşdırılmış siyasəti zəruri edir. Türkiyə bir tərəfdən münaqişənin regionda sabitliyi pozmasından narahatdır, digər tərəfdən isə diplomatik platformada vasitəçi kimi mövqe tutmağa çalışır.

Yaranmış vəziyyət göstərir ki, bu dəfəki böhran əvvəlkilərdən daha dərin, daha çoxsaylı aktorların iştirakı ilə müşayiət olunur. Əgər diplomatik kanallar açılmasa, bu qarşıdurma qlobal təhlükəsizlik sistemində ciddi dönüş nöqtəsinə çevrilə bilər.

Züriyə Qarayeva
"Cebheinfo.az"