İranda dörd terrorçu qrupun fəaliyyətinin qarşısı alınıb
İranda ABŞ və İsrailin kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən dörd mütəşəkkil terror qrupunun zərərsizləşdirildiyi bildirilir.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının İnformasiya (Kəşfiyyat) Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, əməliyyatlar ölkənin cənub-şərqində yerləşən bir neçə şəhərdə keçirilib.
Reydlər zamanı terror qruplarının üzvü olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb, daha iki nəfər isə silahlı qarşıdurma zamanı öldürülüb.
Nazirliyin məlumatına əsasən, şübhəlilərdən pulemyotlar, avtomatlar, tapançalar, qumbaralar, rabitə vasitələri və çoxlu sayda döyüş sursatı götürülüb.
Bildirilib ki, saxlanılan şəxslər ölkə hüdudlarından kənarda hərbi və diversiya hazırlığı keçiblər və İranda terror aktları törətməyi planlaşdırıblar.
"Cebheinfo.az"

