Atəşkəs danışıqları dayandırıla bilər
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andri Melnik ölkəsinin mövcud cəbhə xətti əsasında aparılan atəşkəs danışıqlarından imtina edə biləcəyini deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatları davam etdirilə bilər.
"Cebheinfo.az" xəbər verir ki, Melnik bu xəbərdarlığı BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Melnik bildirib ki, atəşkəsin özü artıq Kiyev üçün ciddi güzəşt hesab olunur. O vurğulayıb ki, Ukrayna Moskva ilə birbaşa danışıqları “əbədi” davam etdirməyə hazır deyil.
Ukraynalı diplomat əlavə edib ki, əgər Təhlükəsizlik Şurası "gözlə-gör" siyasətini davam etdirsə, Ukrayna öz təklifini yenidən nəzərdən keçirə və dəyişdirə bilər.
Melnik BMT Təhlükəsizlik Şurasını Kiyevin təqdim etdiyi atəşkəs layihələrini qəbul etməməkdə və münaqişənin həlli istiqamətində kifayət qədər səy göstərməməkdə ittiham edib. Onun sözlərinə görə, Ukraynanın “tam və qeyd-şərtsiz atəşkəs” çağırışları lazımi diqqəti görmür.
Bu sərt açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı ilə Rusiya arasında aparılan danışıqlar üçün “avropalı vasitəçi” təyinini ədalətli hesab etdiyini bildirməsindən sonra gəlib. Zelenski hələlik bu vəzifə üçün konkret ad açıqlamayıb.
Son həftələrdə Ukraynanın ABŞ ilə mövcud cəbhə xətti boyunca iki mərhələli atəşkəs planını müzakirə etdiyi barədə məlumatlar yayılmışdı.
Lakin Melnikin son açıqlamaları göstərir ki, Kiyevin danışıqlar masasında səbrinin tükənməyə başladığı və Qərbdəki müttəfiqlərindən daha konkret addımlar gözlədiyi düşünülür.
Digər tərəfdən, Rusiya daha əvvəl atəşkəsin yalnız öz şərtləri çərçivəsində mümkün ola biləcəyini bəyan etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

