“Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” mövzusunda təlim keçirilib
İmişli rayonunun Mürsəlli kəndində “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirmə təlimi təşkil olunub.
Layihənin ikinci təlim mövzusu olan “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” üzrə ilk tədbir 17 iyun 2026-cı il tarixində İmişli rayonunun Mürsəlli kəndində keçirilib. Təlimdə kənd sakinləri, fermerlər və torpaq istifadəçiləri iştirak edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması və torpaq resurslarının qorunması ilə bağlı aktual məsələlər barədə məlumat əldə ediblər.
Tədbir zamanı torpaq münbitliyinin qorunmasının əhəmiyyəti, torpaqların deqradasiyasına səbəb olan amillər, üzvi maddələrin torpaqda saxlanılması, düzgün becərmə texnologiyalarının tətbiqi, torpaq eroziyasının qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə məsələləri ətraflı izah olunub.
Eyni zamanda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, quraqlıq və ekstremal hava hadisələrinin yaratdığı risklər, eləcə də fermerlərin bu risklərə uyğunlaşma imkanları barədə iştirakçılarla geniş fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"

