Mayda su ilə bağlı 4 766 nöqsan aşkar edilib - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) monitorinq sektorunun müdiri Elmar Orucov sosial media vasitəsilə yayımlanan videohesabatda 2025-ci ilin may ayında həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Qurum rəsmisinin “Qafqazinfo”ya verdiyi məlumata əsasən, ötən ay ərzində ölkə üzrə ümumilikdə 4 766 nöqsan qeydə alınıb ki, bu da aprel ayı ilə müqayisədə təxminən 2.5 dəfə çoxdur.
Belə ki, aprel ayında 1 941 nöqsan aşkar edilmişdi.
Aşkarlanan nöqsanlara əsasən su mənbələrinin çirkləndirilməsi, su mühafizə zonalarının zəbt olunması və ya zibillənməsi, su təsərrüfatı obyektlərinə qanunsuz qoşulmalar və digər oxşar hallar daxildir.
Elmar Orucov bildirib ki, aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların təxminən 15 %-i vətəndaşların öz təşəbbüsü ilə aradan qaldırılıb. Yerdə qalan halların həlli istiqamətində isə Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli, 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görüləcək.
Qurum rəsmisi əlavə edib ki, suyun hər ötən gün daha da dəyərli olduğu bir dövrdə ölkənin su təhlükəsizliyinin təmin olunması, keyfiyyətli içməli və suvarma suyuna çıxışın təmin edilməsi, habelə ədalətli su paylanmasının həyata keçirilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən respublika ərazisində mütəmadi monitorinqlər aparılır.
Videohesabatda vətəndaşlara su ehtiyatlarından səmərəli istifadə etmələri, su israfçılığına yol verməmələri, su mənbələrini çirkləndirməmələri tövsiyə edilib. Həmçinin, belə hallarla qarşılaşdıqda əvvəlcə marifləndirmə, bu yetərli olmadıqda isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə məlumat verilməsi çağırışı edilib.
"Cebheinfo.az"