Qriqoryanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir?

Qriqoryanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir?

“Ermənistan Azərbaycanla istənilən vaxt, elə indi sülh müqaviləsi imzalamağa hazırdır”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan belə deyib.

O bildirib ki, İrəvanın heç bir məhdudiyyəti və ya əlavə şərtləri yoxdur. 

Qeyd edək ki, analoji açıqlamanı Ermənistan tərəfdən əvvəllər Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan da verib.

Ermənistan rəhbərliyi Azərbaycanla sülhə hazır olduğunu bəyan edərək həmin sənədi dərhal imzalamağı təklif ediblər.

Lakin Paşinyan hökumətinin bu mövqeyi Azərbaycanın maraqlarına cavab vermədiyindən rəsmi Bakı Ermənistanın təklifini qəbul etməyib. Çünki Azərbaycan Ermənistanın səsləndirdiyi fikirləri daha çox sülh prosesini imitasiya cəhdi hesab edir. 

Əvvəla söhbət hazırkı mərhələdə yekun sülh müqaviləsindən deyil, çərçivə sazişindən gedir. Ermənistan isə çərçivə sənədini yekun sülh müqaviləsi kimi təqdim etməklə prosesi bağlamağa çalışır. 

Bununla da Ermənistan sülh sazişi ilə üzərinə götürəcəyi bir sıra siyasi və hüquqi öhdəliklərdən yayınmaq istəyir. İkincisi, çərçivə sazişinin mətni üzrə müzakirə olunan məsələlər də tam razılaşdırılmayıb. Tərəflərin verdiyi məlumata görə, hələlik 17 bənddən 15 ətrafında razılıq əldə olunub. 

İkincisi, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Yalnız bundan sonra sülhdən danışmaq olar. Əks təqdirdə, Ermənistanın “dərhal sülh” imzalamaq təklifi Konstitusiya referendumundan yayınmaq və sazişin mətnini öz maraqlarına uyğun tərtib etmək cəhdi kimi başa düşülə bilər. 

 Müşfiq Abdulla 
“Cebheinfo.az”