Abraham Şmuleviç: “Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”

Abraham Şmuleviç: “Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”

“İranın rəsmi açıqlamaları ciddi qəbul edilməməlidir. İranın ABŞ-nin və ya onun müttəfiqlərinin, məsələn, BƏƏ və Səudiyyə Ərəbistanının bazalarına hücum etmək üçün real hərbi gücü yoxdur. Əgər bu cür hücum olarsa, ABŞ münaqişəyə müdaxilə edəcək. Amma hələlik İsrail ABŞ-siz belə İranı sarsıdır. Ona görə Tehran rəsmilərinin açıqlamaları sadəcə boş və mənasız hədələrdir”.

“Bunu “Cebheinfo.az”-a açıqlamasında israilli politoloq, Yaxın Şərq üzrə ekspert Abraham Şmuleviç bildirib.  O qeyd edib ki, bu hədələr qismən Azərbaycana da yönəlib, lakin rəsmi Bakı artıq Tehrana aydın mesaj verib:

“Rəsmi Bakı bildirib ki, Azərbaycanın ərazisindən İsrailin İrana qarşı əməliyyatları üçün istifadə olunmur və buna ehtiyac da yoxdur”. 

Şmuleviç onu da bildirib ki, İran daxilində rejimə qarşı narazılıq artır:

“İran cəmiyyətində İsrailə simpatiya ilə yanaşan çoxluq var. Tehranın apardığı kurs təkcə regiona deyil, öz xalqına qarşı da düşmənçiliyə çevrilib. İsrailin əsas hədəfi rejim dəyişikliyidir. Əgər bu baş verərsə, region üçün yeni imkanlar açılar”. 

Ekspertin sözlərinə görə, İsrailin son əməliyyatı təkcə hərbi deyil, həm də psixoloji baxımdan İran rəhbərliyinə ciddi zərbə vurub:

"”Mossad” və İsrail Hərbi Hava Qüvvələrinin apardığı son əməliyyat dünya hərb tarixində nadir hadisədir. İsrail İranın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırdı, 20-dən çox general öldürüldü. Nüvə proqramının aparıcı alimləri fiziki olaraq məhv edildi. Bu, Tehran rejimində qorxu və panika yaradıb. Heç kim bilmir ki, növbəti hədəf kim olacaq”. 

Şmuleviç iddia edir ki, İran rəhbəri İbrahim Rəisinin ölümü və son hücumlar fonunda ölkə rəhbərliyində parçalanma ola bilər:

“Rejimin daxilində də bu gedişata qarşı çıxanlar var. Bu yaxınlarda İran mediası rəhbər şəxslərin xalqa müraciət yayacağını bildirmişdi, amma heç bir video yayılmadı, yalnız bir şəkil yayıldı. Bu da onu göstərir ki, rejim içində daxili gərginlik və qorxu artmaqdadır. İsrailin mesajı aydındır: heç kim toxunulmaz deyil”. 

Səbinə Uğur 
"Cebheinfo.az"