İrəvanda nələr olacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya göndərmək üçün parlament müxalifəti arasında aparılan müzakirələr nəticə verməyib.
Eks-prezidentlər Serj Sarkisyan və Robert Köçəryan Baş nazirə qarşı impiçment prosedurunu başlatmağın vacibliyindən danışsalar da, bu məsələdə ortaq mövqeyə gələ bilməyiblər. Robert Köçəryanın tərəfdarlarından ibarət “Ermənistan” bloku Serj Sarkisyanın liderlik etdiyi “Şərəfim var” fraksiyasının namizədini dəstəkləmək istəmir. Ona görə də Baş nazirə etimadsızlıq prosedurunun başlanması ilə bağlı tam siyasi razılıq əldə olunmayıb. Formal olaraq, tərəflər məqsəd barədə razılığa gəldiklərini bildiriblər.
Yəni, hər iki tərəf Paşinyanın impiçment elan edilməsini zəruri hesab edir. Lakin yekun tarix, strategiya, imzaların toplanılması və taktiki məsələlərdə ciddi fikir ayrılıqları yaranıb. “Şərəfim var” fraksiyasından baş nazir vəzifəsinə iki vahid namizəd irəli sürən Serj Sarkisyan “Ermənistan” blokunun 29 deputatının dəstəyini əldə etməyə cəhd göstərir.
Ancaq bu, Sarkisyanın Köçəryanla barışmaq niyyətindən xəbər vermir. Ona görə də Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan deputatları görüşə göndərsə də, Köçəryanla ayrılıqda danışıqlar aparmaqdan imtina edib. Eyni zamanda, onun küçə mübarizəsi aparmaq təklifini tənqid edib. “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan impiçment təşəbbüsünün rəsmi olaraq irəli sürüldüyünü təsdiqləyib.
“Şərəfim var” fraksiyasından olan 6 deputat Uluxanlı (Masis) şəhərinin meri David Ambartsumyanın namizədliyini irəli sürmək üçün ərizəni imzalayıblar. Buna baxmayaraq, Mamicanyan bildirib ki, ən azı 36 imza həddini aşmağı bacarsalar belə, dərhal prosedura başlamağı məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, sənəd yalnız gələcək nəticələrə siyasi etimadın olacağı halda təqdim ediləcək.
“Ermənistan” bloku adından deputat İşxan Saqatelyan təmsil etdiyi fraksiyanın 28 imzasının artıq hazır olduğunu deyib. O, qalan iki imzayla bağlı məsələyə aydınlıq gəldikdə və dəqiq fəaliyyət planı razılaşdırıldıqda, qarşı tərəfə rəsmən təqdim olunacağını deyib. Saqatelyan qeyd edib ki, təşəbbüs yalnız texniki işə başlamaqdan ibarət deyil, həm də küçə aksiyalarına ehtiyac var. Onun fikrincə, bu olmadan proses məhvə məhkumdur.
İlkin müzakirələrdən sonra tərəflərin bəyanatları fraksiyalar arasında siyasi danışıqların heç bir əməli nəticə vermədiyini göstərir. Yəni, Serj Sarkisyan Köçəryandan istədiyi dəstəyi ala bilmədi. Öz növbəsində, parlament müxalifətində mandat sayına görə çoxluğa sahib olan Köçəryan Sarkisyanın namizədini baş nazir görmək istəmir. Eks-prezident özü 2026-ci il iyunun 7-də keçiriləcək seçkilərdə baş nazir postuna iddialıdır. Vaxta bir ildən az vaxt qaldığından, çox güman ki, impiçment məsələsi gündəmdən çıxacaq və tərəflər küçə mübarizəsinə üstünlük verəcəklər. İşxan Saqatelyanın açıqlaması Köçəryanın küçə etirazları ilə bağlı mövqeyində qaldığını göstərir.
Bundan başqa, tərəflər impiçmenti başlatmaq üçün yetərincə imza toplaya bilmirlər. Baş nazirə etimadsızlıq məsələsini parlamentin müzakirəsinə çıxartmaq üçün ən azı 36 səs lazımdır. İki fraksiya isə birlikdə 34 imza toplaya bilir. Hətta 36 imza toplanılsa belə, Paşinyana etmadsızlıq məsələsini gündəliyə salmaq üçün 54 deputatın səsi tələb olunur.
Buna isə nail olmayacaqlarını həm Sarkisyan, həm də Köçəryan bilir. Ermənistan qanunvericiliyinə görə, baş nazirə etimadsızlıq təklifi parlamentdə qəbul olunmasa, növbəti altı ay ərzində yenidən müzakirəyə çıxarıla bilməz. Yəni, ötən il Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən aksiyalar zamanı olduğu kimi, indi də Ermənistan müxalifətinin impiçment proseduru uğursuzluğa düçar oldu. Bu da nəticə etibarı ilə Erməni Apostol Kilsəsi ilə qarşıdurma fonunda Paşinyanın mövqelərini möhkəmlədir.
Siyasi reytinqi aşağı olan Paşinyana qarşı mübarizə fonunda müxalifətin növbəti məğlubiyyəti seçkilərdə hakimiyyətin qələbəsini asanlaşdıra bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”