Biləsuvarda qan davası: Qisas üçün dayısı oğlunu bıçaqladı

Biləsuvar sakini dayısı oğlunu bıçaqlayıb.
“Cebheinfo.az” Oxu.az-a istinadla xəbər verir ki, hadisə Biləsuvar rayonunda sərnişin daşıyan mikroavtobusda baş verib.
Rayon sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullayev mikroavtobusa minərkən orada əvvəlcədən ailə münaqişəsi olan dayısı oğlu Vadər Həmidli ilə rastlaşıb. O, V.Həmidlinin yanında oturub. Bir neçə dəqiqədən sonra Orxan Vadərə qəfil hücum edərək boğazından sıxıb, digər əli ilə cibindən bıçağı çıxararaq ona zərbələr endirməyə başlayıb. O, 3 bıçaq zərbəsi endirəndən sonra Vadər bıçağı onun əlindən alıb. Avtobusda olan sərnişinlərin köməyi ilə Orxan maşından düşürülüb.
V.Həmidov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və O.Abdullayev məsuliyyətə cəlb edilib.
Məhkəmənin hökmü ilə O.Abdullayev 2 il azadlıqdan məhrum olunub.
Məlumata görə, hadisə qisas məqsədilə baş verib. Belə ki, V.Həmidlinin atası Cavid Həmidov münaqişə nəticəsində bacısının əri, Orxan Abdullayevin atası Əsgər Abdullayevi qətlə yetirib. Məhkəmənin hökmü ilə C.Həmidov 18 il azadlıqdan məhrum edilib.
Hadisədən sonra C.Həmidovun ailəsi rayondan Bakıya köçüb və ailələr arasında əlaqə kəsilib. Həmin vaxtdan etibarən ailə arasında qan davası yaranıb.
O.Abdullayev kənddən Biləsuvar rayonuna getmək istəyərkən avtobusda dayısının oğlu Vadər Həmidlini görüb və ondan atasının qisasını almaq istəyib. Həmin vaxt V.Həmidli Bakıdan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına xəstəliyi ilə əlaqədar arayış almağa gəlirmiş.
“Cebheinfo.az”