Mahir Məmmədov yenidən bu federasiyanın prezidenti seçildi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat-seçki konfransı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, konfransda Gənclər və İdman Nazirliyinin, AŞF-nin rəsmiləri, tanınmış şahmatçılar və digər rəsmi şəxslər iştirak ediblər.
Federasiya prezidenti Mahir Məmmədov son üç il ərzində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında AŞF-nin gördüyü işləri yüksək qiymətləndirib.
Hesabat videosundan sonra büdcə və gündəlikdə duran məsələlər müzakirə olunub.
Ardınca AŞF-nin tərkibinə daxil olan bütün komissiyaların - Hakimlər Komissiyasının, Məşqçilər Komissiyasının, Uşaq və Gənclər Komissiyasının, Bəstəçilik Komissiyasının hesabatları dinlənilib.
Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar. Ardınca AŞF-nin vitse-prezidentləri və prezidenti seçilib. Mahir Məmmədov yenidən qurumun prezidenti olub.
"Cebheinfo.az"