Yunanıstan basketbol çempionatı həmişəlik dayandırıla bilər

Yunanıstan basketbol çempionatı həmişəlik dayandırıla bilər

Yunanıstan basketbol çempionatının final mərhələsinin "Panatinaikos" və "Olimpiakos" komandaları arasında keçirilən üçüncü oyunu təxirə salınıb.
Buna səbəb ikinci oyunda baş verən hadisələrdir.

Oxu.Az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinə istinadən "Basket News" məlumat yayıb.

İkinci oyunun əvvəlində "Panatinaikos"un sahibi Dimitris Yannakopulos "Olimpiakos" azarkeşləri ilə münaqişə edib. Fanatlar ona və qızına qarşı təhqiramiz şüarlar səsləndiriblər. Buna cavab olaraq Dimitris nalayiq jestlərdən istifadə edib və buna görə hakimlər onu arenadan kənarlaşdırıblar.

Yunanıstan hökumətinin nümayəndəsi bildirib ki, münaqişənin həlli üçün klubların nümayəndələri ilə görüş keçiriləcək.

"Biz kameralardan istifadəni və stadiona girişə nəzarəti tələb etdik. Əvvəldən biz bu tədbirlərin zəruriliyinə əmin idik. Çempionat boyu bunu uğurla tətbiq etdik, bütün matçları insidentsiz keçirdik. Vəziyyətin nəzarətdən çıxdığı hallarda sərt, lakin ədalətli cəzalar verdik.

Lakin dünənki hadisələr, xüsusən də Avropa basketbolunda uzun müddətdir lider olan komandalarda baş verdiyini nəzərə alsaq, diqqətdən kənarda qala bilməz. Cinayət və ya intizam məsuliyyəti yaranarsa, qanuna tam riayət olunmaqla cəzalar tətbiq ediləcək.

Çərşənbə günü baş tutmalı olan üçüncü oyun təxirə salınıb. Hər iki klubun sahibi idman nazirinin müavini ilə görüşə dəvət olunacaq. Bu vəziyyətə son qoymaq üçün dəqiq öhdəliklər götürülməlidir. Əks halda, çempionat həmişəlik dayandırılacaq", - deyə "Basket News" portalı Yunanıstan hökumətinin nümayəndəsinə istinadən yazıb.

Xatırladaq ki, hazırda seriyada hesab bərabərdir.

"Cebheinfo.az"