15 iyun: Azərbaycan tarixinin qızıl səhifəsi
15 iyun Azərbaycan tarixində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və yeni siyasi mərhələnin başlanğıcıdır.
1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü elan etdi. Qeyd etdiyimiz kimi, 1993-cü ildən etibarən bu şanlı tarix ölkənin müstəqilliyinin qorunub saxlanması və davamlı inkişafının başlanğıcı kimi qiymətləndirilir.
Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, 15 iyun Azərbaycan tarixinin qızıl səhifəsi və heç zaman unudulmayan bir gündür:

"Çünki tariximizə qurtuluş kimi daxil olan bu gün Azərbaycan tarixinin qurtuluş səhifəsi olmaqla bərabər, Ulu Öndər Heydər Əliyevin müdrikliyinin, böyük siyasətinin, bəşəri ideyalarının bir ifadəsidir.
Çünki o dövrdə, 1993-cü ilin iyun günlərində Azərbaycan xalqı çox böyük fəlakətlər, təhlükələr qarşısında idi. Torpaqlarımız işğal olunurdu, ölkədə xaos, anarxiya hökm sürürdü. hakimiyyətdə olanlar dövləti idarə edə bilmirdilər. Xalq ümidsiz bir vəziyyətə düşmüşdü.
Məhz belə bir tarixdə Azərbaycan xalqı üzünü Heydər Əliyevə tutdu. Müdrik şəxsiyyətin təkidlə Azərbaycana rəhbərliyə gəlməsini istədi, arzu etdi. Ulu Öndərin hakimiyyətə gəlişi xalqı, bu dövləti parçalanmadan, böyük fəlakətlərdən, torpaqlarımızın geniş miqyasda işğalından azad etdi.
Sonrakı dövrdə Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, ordunu formalaşdırdı, silahlı qruplaşmaları ləğv etdi. Çox böyük islahatlar həyata keçirdi və tədricən Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar edildi. O dövrdə bir çox təxribatlar, dövlət çevrilişinə cəhdlər oldu.
İqtisadiyyatın zəiflədilməsi üçün həm daxildə, həm də xaricdə olan bədxahlar Azərbaycana müəyyən təsirlər göstərdilər. Ancaq Ulu Öndərimizin böyük qətiyyəti, iradəsi, siyasi gedişləri bütün çətinliklərin qarşısını aldı.
Atəşkəsə əməl edilməsi, böyük neft kontraktının imzalanması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, xarici ölkələrə çoxsaylı səfərlər, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması çox böyük dönüş yaratdı. Bunun nəticəsində Azərbaycan tədricən dirçəlməyə, iqtisadi cəhətdən ayaqda durmağa imkan tapdı.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndərin qayıdışı və qurtuluş tarixi hər yerdə qeyd edilir və Azərbaycan xalqı bu günü özünün əziz bayramı kimi qarşılayır:
"Biz bu gün Şuşadayıq və burada həm Qurtuluş günü, həm də Şuşa Bəyannaməsinin ildönümü dünyada təhlükəsizliyin təmin edilməsi, qlobal təhlükəsizlik barədə böyük konfrans keçirilir. Dünyanın bir çox ölkələrindən siyasətçilər, partiya rəhbərləri, görkəmli şəxsiyyətlər bu gün Şuşada konfransda iştirak edirlər və onlar bizim qurtuluşumuzu çox yüksək qiymətləndirir.
Ulu Öndərin fəaliyyətini xatırlayır və hörmətlə yad edirlər. Əlbəttə ki, Heydər Əliyevin adı Azərbaycan tarixində əbədiləşib, o ölməzdir. Nə qədər Azərbaycan, xalqımız var Ulu öndər də bizimlədir və bu Qurtuluş tariximiz dünyaya bir mesajdır.
Bizim düşmən üzərində tarixi qələbəmiz bu gün dünya üçün bir nüminədir və hərb tariximiz bu gün burada deyildiyi kimi, öyrənilir. Bu, Azərbaycan xalqının baş ucalığı, qürur mənbəyidir.
Ona görə də xalqımız Qurtuluş gününü yüksək səviyyədə qeyd edir və Ulu Öndərimiz yad olunur, hörmətlə xatırlanır, onun əməllərinə böyük qiymət verilir. Qurtuluşumuz, uğurlarımız davamlı olsun. Mən də xalqımızı bu bayram münasibətilə təbrik edirəm".
Nigar Abdullayeva
"Cebheinfo.az"

