Xaricdə yaşayanlar etibarnaməni necə verir? - QAYDA

Xaricdə yaşayanlar etibarnaməni necə verir? - QAYDA

Xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün sənədləşmə proseslərinin daha da asanlaşdırıldığı yeni rəqəmsal mexanizm son illər diqqət çəkir. 

Artıq bir sıra notariat hərəkətlərini ölkəyə dönmədən, məsafədən və elektron mühitdə rəsmiləşdirmək mümkün olur. Bu yenilik xüsusilə etibarnamə məsələlərində vətəndaşlara alternativ və çevik hüquqi çıxış imkanı yaradır.

Ölkə hüdudlarından kənarda olan zaman "Mobil Notariat" vasitəsilə etibarnamə necə verilir?

"Cebheinfo.az" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, notariat xidmətlərinə əlçatanlığın daha da artırılması, o cümlədən vaxtından və yerindən (həm Azərbaycan Respublikası ərazisində, həm də Azərbaycan Respublikası hüdudlarından kənarda) asılı olmayaraq peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildə “Mobil Notariat” tətbiqi istifadəyə verilmiş və onun vasitəsilə bəzi notariat hərəkətlərinin bilavasitə notariat ofisinə müraciət etmədən məsafədən rəsmiləşdirilməsi təşkil edilib.

“Mobil Notariat” tətbiqi “AppStore” və ya “Google Play” mobil yükləmə platformalarından ödənişsiz olaraq yüklənilir. 

Tətbiqdə qeydiyyat –

1) videoyazı vasitəsilə; 

2) notariusdan alınan istifadəçi kodu və

3) digital login (Sima Rəqəmsal İmza, ASAN İmza, Sima Token (Elektron İmza), Fərdi İdentifikasiya Nömrəsi) vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan Respublikasının vətəndaşları, eləcə də ölkəmizdə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilərlər.

Qeydiyyatdan keçən istifadəçilər aşağıdakı növ etibarnamələri elektron qaydada rəsmiləşdirə bilərlər:
•  Nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələr;
•  Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələr;
•  Vəkilllərə verilən etibarnamələr;
•  Sosial etibarnamələr;
•  Banklarda təmsilçilik məqsədilə verilən etibarnamələr;
•  Vərəsəlik işləri ilə bağlı etibarnamələr;
•  Müxtəlif qurumlarda təmsilçiliyə dair etibarnamələr;
•  Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələr.

Adıçəkilən tətbiq vasitəsilə müvafiq ərizələrin (etibarnamələrə xitam verilməsinə dair, daşınmaz əmlaka sərəncam verilməsinə dair, əvvəl verilmiş ərizədən imtinaya dair, təhsil tələbə kreditinin verilməsinə dair ərizələr,  yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaşlıq pasportu almasına dair, o cümlədən ölkə ərazisini tərk etmələri üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi), habelə mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsinə (kirayə müqaviləsi) dair müqavilələrin də rəsmiləşdirilməsi mümkündür.

Qeyd edək ki, “Mobil Notariat” tətbiqi vasitəsilə aparılan notariat hərəkətlərinə görə “Dövlət rüsumu haqqında” və “Notariat haqqında” qanunlar ilə müəyyən edilmiş məbləğdə haqq tutulur.

Gülər 
"Cebheinfo.az"