Siyasilər hansı komandaya azarkeşlik edirlər? - SORĞU
Bir neçə gündür ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatı start götürüb.
Qeyd edək ki, turnir çərçivəsində ümumilikdə 104 oyun keçiriləcək. Bu qarşılaşmaların 78-nə ABŞ ev sahibliyi edəcək.
Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi yığmalardan biri də 24 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir.
D qrupunda mübarizə aparacaq “ay-ulduzlular” ilk oyununu iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya yığmasına qarşı keçirəcək.
Bildirək ki, dünya çempionatı ilə bağlı futbol azarkeşlərini maraqlandıran əsas məsələ oyunların başlanma saatıdır.
Məsələ burasındadır ki, ABŞ, Meksika və Kanada Azərbaycanla fərqli saat qurşaqlarında yerləşir. Bu səbəbdən oyunlar FIFA-nın cədvəlinə görə, Azərbaycan vaxtı ilə axşam, gecə və səhər saatlarına təsadüf edir.
Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin futbola münasibəti necədir və hansı komandaya azarkeşlik edirlər?
Böyük Azərbaycan Partiyasının sədri, Elşad Musayev "Cebheinfo.az"-a bildirib ki, futbola münasibəti çox yaxşıdır:
.
"Özüm gənc yaşlarımda yaxşı futbol oynamışam. Dünya çenpionatında yaşım nə qədər çatırsa, o qədər də izləmişəm. Hazırda da dünya çempionatını izləyirəm. Türkiyə yığma komandasına azarkeşlik edirəm.
Hesab edirəm ki, Fransa ilə İspaniyanın şansı daha çoxdur. Biz əslində ənənəvi olaraq Braziliyaya azarkeşlik etmişik. Ancaq indi Türkyiyəyə azarkeşlik edirəm".
Azad Vətən Partiyasının sədri Akif Nağı dünya çempionatı başlayandan bütün oyunları izlədiyini bildirib:

"Yalnız Amerika-Paraqvay oyununa baxa bilməmişəm. Bütün komandaların hamısı yaxşı oyun nümayiş etdirirlər. Kanada-Bosniya və Hersoqovina arasında çox maraqlı, gərgin oyun getdi.
Eləcə də Meksika ilə Cənubi Koreya arasında da çox maraqlı oyun oldu. Təbii ki, Türkiyə yığmasına azarkeşlik edirik. İndi digər türk komandamız olan Özbəkistan da var. Ancaq ənənəvi olaraq mənim sevdiyim komanda Braziliya olub.
Onların oyunu sanki bir tamaşadır, texnika yüksəkdir. Eyni zamanda bizim "Qarabağ" komandasında müxtəlif ölkələrdən oyunçular var, ancaq orada braziliyalı da çoxdur. Onlar komandadan getdikdən sonra da "Qrabağ"la əlaqəni üzmürlər.
Arzu edirəm ki, Türkiyə yüksək nəticə göstərsin. Çempionatda 3-cü olub və indi də 2-ci olsun. Ancaq 1-ci yerə də çıxa bilər. Çünki Arda Gülər kimi yaxşı oyunşuları var".
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli dünya çempionatını 10 yaşından izlədiyini deyir:
"Futbola özümün də marağım var. Vaxtım olanda özüm də oynayıram. Təbii ki, bu çempionatda favoritimm Türkiyə komandasıdır. TDT üzvü və qardaş dövlət olduğuna görə, Özbəkistana da azarkeşlik edəcəm.
Ancaq onlar olmasa idi, tarixən həmişə Maradonanın dövründən bəri Argentina yığmasına azarkeşlik etmişəm. Bu çempionatda azarkeş kimi diqqətim Türkiyə və Özbəkistan komandalarına olacaq".
Ağ Partiyasının sədri Tural Abbaslı futbola münasibətim normal olduğunu, ancaq xüsusi azarkeşlik etmədiyini deyir:
"Təbii ki, Dünya və Avropa çempinatı, yaxud bizim komandalarım iştirak etdiyi turnirlərə baxıram. Bu məsələdə azarkeşlikdən daha çox milli-siyasi məsələ kimi yanaşıram. Bu baxımdan da hazırkı çempionatda favoritlərim Türkiyə və Özbəkistandır. Onlar olmasa Portuqaliya ola bilər.
O da Ronaldonun dünyada baş verən hadisələrə siyasi mövqeyinə görədir. O da olmasa, istənilən müsəlman komandasını dəstəkləyirəm. Təbii ki, Almaniya, Braziliya yaxşı futbol oynaıylar, onlar qalib olsa da əleyhinə olmarıq".
Nigar Abdullayeva
"Cebheinfo.az"

