Dünya çempionu kim olacaq? - Media rəhbərlərinin PROQNOZU

Dünya çempionu kim olacaq? - Media rəhbərlərinin PROQNOZU

Tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatı bu gün start götürür.

Mundialın açılış oyunu A qrupunda yer alan Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçiriləcək. Paytaxt Mexikoda yerləşən “Asteka” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşün baş hakimi braziliyalı FIFA referisi Vilton Sampayo olacaq.

İlk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatında ümumilikdə 1248 futbolçu mübarizə aparacaq. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri isə mundial tarixində ilk dəfə iştirak edəcəklər.

Turnir çərçivəsində ümumilikdə 104 oyun keçiriləcək. Bu qarşılaşmaların 78-nə ABŞ ev sahibliyi edəcək.

Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi yığmalardan biri də 24 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda mübarizə aparacaq “ay-ulduzlular” ilk oyununu iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, dünyanın ən güclü milli komandalarının bir araya gələcəyi turnirlə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Bəs media rəhbərləri hansı yığmanı əsas favorit hesab edir?

Bununla bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bayraqdar.info” saytının qurucusu və baş redaktoru Azər Həsrət bildirib ki, bu yarışmanı, yəni futbol üzrə dünya çempionatını çox da yaxından izləmir:

“Amma çempionatda qardaş Türkiyə və Özbəkistan milli komandaları iştirak etdiyinə görə onlara uğurlar arzulayıram. Digər tərəfdən, turnirdə dünyanın ən güclü komandaları da mübarizə aparır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Əli Zülfiqaroğlu isə çempionluğa əsas namizədlərin İspaniya və Argentina olduğunu deyib:

“Çempionluğa ən real namizəd kimi İspaniya millisini görürəm. Argentina da əsas favoritlərdən biridir”.

“Bakivaxti.az” saytının baş redaktoru Qalib İbrahimoğlu isə qeyd edib ki, futbolla o qədər də maraqlanmır:

“Amma belə beynəlxalq yarışları izləməmək də olmaz. Təbii ki, çempionatda Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Hansı komandanın çempion olacağına gəlincə, istərdim ki, qardaş Türkiyə millisi dünya çempionu olsun. Lakin favoritlər sırasında daha çox Portuqaliya millisinin adı çəkilir”.

Aişə Abdulova
“Cebheinfo.az”