Azərbaycan tarixinin dönüş nöqtəsi

Azərbaycan tarixinin dönüş nöqtəsi

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malikdir. 

1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni dərin siyasi böhrandan, vətəndaş qarşıdurması təhlükəsindən və dövlət müstəqilliyinin itirilməsi riskindən xilas etdi.

Həmin dövrdə Azərbaycan mürəkkəb ictimai-siyasi proseslərlə üz-üzə idi. Dövlət idarəçiliyində yaranmış xaos, iqtisadi tənəzzül və ölkədə hökm sürən qeyri-sabitlik xalqın gələcəyini ciddi təhlükə altına almışdı. 

Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpa olunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və inkişaf strategiyasının müəyyənləşdirilməsinə şərait yaratdı.

Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 İyun tarixi Milli Qurtuluş Günü elan edilib. Bu gün xalqın birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsi kimi qeyd olunur.

Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrilib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Milli Qurtuluş Günü müstəqil Azərbaycanın xilası, inkişafı və gələcək uğurlarının təməlini qoyan tarixi hadisə kimi daim ehtiramla yad edilir.

Milli Məclisin deputatı Jalə Əliyeva "Cebheinfo.az"- a açıqlamasında bildirib ki, 15 iyun Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi hesab olunan əlamətdar günlərdən biridir:

"1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və vətəndaş qarşıdurmasının qarşısının alınması baxımından həlledici rol oynadı. 

Məhz buna görə də bu tarix Azərbaycanın Milli Qurtuluş Günü kimi qeyd edilir.1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Ölkədə hakimiyyət böhranı hökm sürür, separatizm meyilləri güclənir, dövlət institutları zəifləyir və vətəndaş müharibəsi təhlükəsi getdikcə artırdı. 

Belə bir çətin məqamda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edilməsini təmin etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, qanunçuluq bərpa olundu və dövlət quruculuğu prosesinə start verildi".

Onun sözlərinə görə, Milli Qurtuluş Günü yalnız həmin dövrün böhranından çıxış yolu deyil, həm də müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasının qoyulduğu tarixdir:

"Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafının təməlini formalaşdırdı. 

Müstəqil dövlət institutlarının qurulması, beynəlxalq əlaqələrin genişləndirilməsi və ölkənin milli maraqlarının qorunması istiqamətində atılan addımlar Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə şərait yaratdı. Bu gün xüsusilə qeyd olunmalıdır ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və ən əsası, torpaqlarımızın işğaldan azad olunması bu siyasətin uğurlu nəticələrinin göstəricisidir. Milli Qurtuluş Günü artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi şəraitdə qeyd olunur. 

Bu, işğaldan azad edilmiş torpaqlarda qeyd olunan altıncı Milli Qurtuluş Günüdür. 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik strategiyası öz ən mühüm hədəfinə çatdı".

Deputat qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, dövlətçilik ənənələrinin və milli həmrəyliyinin təntənəsidir:

"Güclü liderlik, xalqın iradəsi və milli maraqlara söykənən siyasət dövlətin davamlı inkişafının əsas şərtidir. 15 iyun tarixinin əhəmiyyəti yalnız keçmişdə ölkəni böhrandan xilas etməsində deyil, həm də müasir Azərbaycanın qüdrətli dövlət kimi formalaşmasına və gələcəyə inamla addımlamasına yaratdığı möhkəm təməldədir".

Gülər Həsənli 
"Cebheinfo.az"