Diplomatlar Qarabağda: “Bu 30 ildə Ermənistanın dağıdıcı...”

Diplomatlar Qarabağda: “Bu 30 ildə Ermənistanın dağıdıcı...”

"Torpaq kimə məxsusdur, kimin həqiqətən ora hüquqla yanaşı mənəvi haqqı çatır, həmçinin dədə-babalarımızın yaşayıb-yaratdığı torpaqlarımıza necə münasibət göstərmək lazımdır biz məhz dünyaya onu göstəririk. Bu, dünyaya əsl mənəviyyat dərsidir. Azərbaycanın bərpa və quruculuq sahəsində əldə etdiyi uğurlar, beynəlxalq ictimaiyyətə diplomatların öz müşahidələri vasitəsilə çatdırılır".

"Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrupun Qarabağa səfəri barədə danışarkən deyib.

O qeyd edib ki, bu, təkcə sosial-iqtisadi deyil, həm də siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır:

"Ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağa səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər, onların bərpa və quruculuq işlərini öz gözləri ilə görməsi baxımından önəmlidir.

Eyni zamanda Azərbaycanın bu işləri nə qədər sürətli, intensiv və öz resursları hesabına həyata keçirdiyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühümdür.

Bu həm də bir növ Ermənistanın 30 il davam edən təcavüzü və işğalçılıq siyasətinin bölgəmizə vurduğu ziyanın miqyasını və bu torpaqların necə yenidən dirçəldiyini göstərmək baxımından önəmlidir".

Tural Gəncəliyev səfər çərçivəsində bir sıra önəmli məqamların olduğuna da diqqət çəkib:

"Önəmli məqamlardan biri də Fransanın Azərbaycandakı səfirinin ilk dəfə Şuşaya səfər etməsidir. O, diplomatik korpusun digər nümayəndələri ilə birlikdə bu tarixi şəhəri ziyarət edib və səfərdən məmnunluğunu ifadə edib. 

Bu fakt, Azərbaycanın yaratdığı yeni reallığın artıq münaqişə dövründə və postmünaqişə mərhələsində ölkəmizə qarşı sərt mövqe nümayiş etdirən Fransanın belə qəbul etməsinin bariz göstəricisidir.

Eyni zamanda bu səfər, Azərbaycanın öz gücü və daxili resursları hesabına bölgədə nə qədər möhtəşəm işlər gördüyünü nümayiş etdirir".

O qeyd edib ki, ölkəmiz heç kimdən bir qəpik maliyyə vəsaiti tələb etmədən torpaqlarımızı bərpa edirik:

"Xatırladım ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ darmadağın olmuş Avropanı bərpasına dair bir marşal planı hazırlamışdı. Bu məqsədlə ABŞ dövlət büdcəsindən Avropanı bərpasına külli miqdarda vəsait ayırmışdı. Bir müddətdən sonra Avropa ölkələrinin ABŞ-dən maliyyə asılılığı yarandı, bu isə sonda avropalıların ABŞ-nin siyasi hegemonluğunu qəbul etməsi ilə nəticələndi.

Amma biz bu gün nəyi görürük, ölkəmiz heç kimdən bir qəpik maliyyə vəsaiti tələb etmədən torpaqlarımızı özümüz bərpa edirik. Maraqlıdır ki, bu günlərdə torpaqlarımızın bərpə və quruculuğunu beynəlxalq diplomatlara göstərməklə yanaşı, digər bir məsələ Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan” məhəlləsinin açılmasıdır.

Bütün bunların hamısının böyük siyasi, iqtisadi, geosiyasi məqamları ilə yanaşı həm də bir emosional, duyğusal, semantik dəyərləri də vardır və bunu diplomatlar, beynəlxalq ictimaiyyətin nümayəndələri öz gözləri ilə görürlər".

Deputat vurğulayıb ki, Azərbaycanın həqiqətən də qurucu, yaradıcı bir ölkə olması bir daha öz təsdiqini tapır:

"Bu 30 ildə Ermənistanın dağıdıcı siyasəti onsuz da hamıya bəlli idi. Bu müddət ərzində Ermənistan nəinki bu torpaqlarda inkişafı təmin etməyib, əksinə hər şeyi dağıdıb, daş üstündə daş qoymayıb, infrastrukturu tamamilə məhv edib. Quruculuq və bərpa proseslərinin xarici diplomatlara nümayiş etdirilməsi, Azərbaycanın yaradıcı və qurucu bir ölkə olduğunu təsdiqləyir". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"