“Sülh topu” Türkiyənin meydançasında?

“Sülh topu” Türkiyənin meydançasında?

Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərini yenidən aktivləşdirməsi regional diplomatiyada mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Xüsusilə Moskvada keçirilən görüşlərdən sonra xarici işlər naziri Hakan Fidanın həm Rusiya, həm də Ukrayna ilə paralel təmaslara üstünlük verməsi Ankaranın balanslı vasitəçi rolunu gücləndirməyə yönəlmiş addım kimi dəyərləndirilir. Hakan Fidan Moskvada xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra açıqlama verərək bildirib ki, Rusiya-Ukrayna müharibəsi Moskvada aparılan danışıqların əsas mövzularından biri idi. Prezident Putinin səlahiyyətli nümayəndə heyətini İstanbula göndərməsi, həmin danışıqlardan müsbət nəticələrin çıxmasına imkan verib. 

"Biz razılaşdırılmış əsir mübadiləsinin ötən həftəsonu başa çatmasından məmnunuq. Ümid edirik ki, bu danışıqlar tezliklə atəşkəslə nəticələnəcək, ardınca isə davamlı sülhə gətirib çıxaracaq. Burada keçirdiyim təmaslar zamanı biz növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğumuzu ifadə etdik. Bundan əlavə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə xüsusi önəm verdiyimizi bir daha vurğuladım. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə əlaqələri davam etdirəcəyik”, – deyə türkiyəli nazir bildirib.

Son məlumatlara görə, Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüş təklif edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır:

"Rusiya hər kəsin iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid edir."

Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırlayıb.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyünü təsdiqləyib.

SVR direktoru TASS-a Hakan Fidan ilə görüşün keçirildiyini, görüş zamanı ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

"Fidan uzun illər Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik etdiyi üçün geniş əlaqələrimiz var. O, çox yaxşı, düşüncəli, böyük təcrübəyə malik peşəkar tərəfdaşdır. Ona görə də onunla görüşmək mənim üçün çox xoş idi, baxmayaraq ki, o, artıq xarici işlər naziri vəzifəsindədir və ümid edirəm ki, bu, ona da xoş oldu", - Narişkin vurğulayıb.

Türkiyə həm Qara dəniz regionunda təhlükəsizliyin qorunmasında, həm də humanitar məsələlərdə xüsusilə əsir mübadiləsi və taxıl dəhlizi kimi praktiki mövzularda real nəticələr əldə etməyi bacaran azsaylı ölkələrdən biridir.

Məhz bu praqmatik yanaşma və Ankaranın hər iki tərəflə ünsiyyət kanallarını açıq saxlaması, Türkiyəni potensial sülh danışıqları üçün ən real platformalardan birinə çevirir. 

Mövzu ilə bağlı "Cümhuriyət"-ə açıqlamasında ukraynalı politoloq Aleksandr Oxrimenko bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynamaq istəyir:

“Ancaq gəlin reallığı düzgün qiymətləndirək, Türkiyənin bu məsələdə təsir imkanları çox məhduddur. Bəli, o, danışıqlar üçün platforma təqdim edə bilər, bu mümkündür. Ərdoğan üçün bu, onun beynəlxalq nüfuzunu artırmaq baxımından da önəmlidir. Amma sadəcə platforma verməklə prosesə real təsir göstərmək mümkün deyil.

Türkiyənin xarici işlər naziri əvvəlcə Moskvada, sonra isə Kiyevdə oldu. O, iki tərəf arasında əlaqələndirici kimi çıxış etməyə çalışdı, yəni həm Rusiyanın, həm də Ukraynanın mövqelərini dinləyib, ortaq məqamlar axtarmağa cəhd göstərdi. Amma nəticə vermədi. Nə Rusiya, nə də Ukrayna onu ciddi vasitəçi kimi qəbul etmir. Halbuki o, səmimi şəkildə bu missiyanı yerinə yetirməyə çalışdı. Sadəcə alınmadı".

Ekspert qeyd edib ki, bu məsələdə real təsirə malik olanlar – ABŞ və Avropa ölkələridir. Onun sözlərinə görə, onların çəkisi, təsir dairəsi qat-qat böyükdür:

"Türkiyə öz fikrini bildirə, bəzi təkliflərlə çıxış edə bilər. Amma bu təkliflərin ciddi siyasi çəkisi yoxdur. Türkiyə bu prosesin əsas oyunçusu deyil. Onun müəyyən təsir imkanları yalnız Bosfor və Dardanel boğazlarına nəzarətlə məhdudlaşır, yəni hərbi gəmiləri keçirməklə bağlı qərar verə bilər. Ancaq münaqişənin hərbi və siyasi həlli məsələlərində rol oynaması çətindir.

Humanitar sahədə, məsələn, əsir mübadiləsi və ya “taxıl dəhlizi” kimi məsələlərdə müəyyən rol oynayır və bu istiqamətdə də əziyyət çəkir. Amma bu, hərbi-siyasi baxımdan  yetərli deyil. Üstəlik, Türkiyənin iqtisadi asılılığı da bu rolu məhdudlaşdırır. Həm Rusiya, həm də Avropa İttifaqı ilə ciddi iqtisadi əlaqələri var. Bu isə onun danışıqlarda tam müstəqil və güclü mövqe tutmasına imkan vermir”.

Ekspertin fikrincə, Türkiyənin bu məsələdəki rolu daha çox köməkçi, texniki və humanitar xarakter daşıyır:

“Siyasi gücə, hərbi nüfuza və iqtisadi müstəqilliyə əsaslanmayan vasitəçilik cəhdləri, təəssüf ki, nəticə vermir. Bunu anlamaq və reallığı düzgün qiymətləndirmək lazımdır."

Ekspert vurğulayıb ki, növbəti danışıqların Cenevrədə keçiriləcəyi deyilib:

"Məncə, bu, daha real və məntiqli bir variantdır. Ümumiyyətlə, danışıqların harada baş tutacağına ABŞ, Rusiya və Ukrayna qərar verəcək. Amma eyni zamanda bir neçə platformanın istifadəsi də mümkündür.

Məsələn, əsas siyasi danışıqlar Cenevrədə aparıla bilər, texniki xarakterli görüşlər, yəni nazir müavinləri və ya müxtəlif dövlət qurumlarının nümayəndələri səviyyəsində keçirilən müzakirələr çox rahatlıqla Türkiyədə təşkil oluna bilər. Bu, artıq praktiki olaraq sınanıb. Xatırlayırsınızsa, bir müddət əvvəl İstanbulda ABŞ və Rusiya arasında texniki səviyyəli danışıqlar keçirilmişdi. Bu görüşlər rəsmi olaraq da “texniki danışıqlar” kimi təqdim olunmuşdu. Yəni, bu təcrübə real və mümkündür.

Hazırda əsas danışıq tərəfləri Ukrayna, Rusiya və ABŞ-dir. Çin də potensial oyunçu kimi prosesə qoşula bilər, lakin hələlik kənarda dayanır. Almaniya, Fransa və Böyük Britaniya da danışıqlar masasında mühüm aktorlar sayılır. Onlar üçün Cenevrə həm siyasi baxımdan, həm də neytrallığı ilə daha münasib məkandır.

Qərbi zəiflətmək isə real deyil. İqtisadi reallıqlara baxsaq, Rusiya faktiki olaraq Çindən asılı vəziyyətə düşüb. Eyni zamanda, Türkiyənin özü həm Rusiyadan, həm də Avropa İttifaqından ciddi iqtisadi asılılıq içindədir. Bu mənzərədə proseslər daha çox iqtisadi güclə ölçülür.

Avropa İttifaqının ümumi vəziyyətinə nəzər yetirdikdə aydın olur ki, Türkiyənin danışıqlarda real təsir imkanları çox məhduddur. O, kifayət qədər asılı vəziyyətdədir, bəlkə də, bəzi aspektlərdə Rusiyadan da artıq. Bu isə onun beynəlxalq arenadakı siyasi çəkisinə təsir edir”.

Onu da xatırladaq ki, dünyaca məşhur "Reuters" agentliyinin Kremlə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh masasına oturmağa hazır olduğunu, lakin bunun “nəyin bahasına olursa olsun” edilməyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatda Putinin böyük Qərb dövlətlərindən yazılı öhdəliklər tələb etdiyi vurğulanır.

Bu öhdəliklərə NATO-nu şərqə doğru genişləndirməmək, Ukrayna, Gürcüstan, Moldova və digər keçmiş sovet respublikalarını alyansdan rəsmən çıxarmaq daxildir.

Agentliyin üç fərqli rus mənbəsinə əsaslanaraq verdiyi məlumata görə, Moskvanın digər əsas şərtləri belədir:
Ukraynanın neytral statusu:

Kiyev administrasiyasının NATO-ya üzvlükdən qəti şəkildə imtina etməsi və 1990-cı il Dövlət Suverenliyi Bəyannaməsinə uyğun olaraq blokdan kənar siyasət yürütməsi.

Sanksiyaların ləğvi: Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bəzi iqtisadi sanksiyaların yumşaldılması.

Dondurulmuş aktivlər məsələsi: Ukrayna böhranının başlanğıcından Qərbdə bloklanan Rusiya vəsaitlərinin sərbəst buraxılması.

Rusdilli əhalinin qorunması: Ukraynada rus azlığının hüquqlarının qorunması. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən beynəlxalq təhlükəsizlik toplantısında Ukraynanın “bitərəf, bloklara qoşulmamış və nüvə silahı olmayan” statusunun Rusiya üçün əvəzedilməz şərt olduğunu təkrarlayıb.
Sergey Lavrov aprel ayında həmçinin Krım, Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiya ərazisi kimi tanınmasının həll yolunun bir hissəsi olmalı olduğunu bildirib. 

Səbinə Uğur
“Cebheinfo.az”