Müharibəyə son hazırlıq: Qadınlar da döyüşəcək

Müharibəyə son hazırlıq: Qadınlar da döyüşəcək

Ukraynada kişi və qadınlar üçün hərbi hazırlıq mərkəzlərinin yaradılması nəzərdə tutulur. Qanun layihəsi artıq Ali Radada qeydiyyata alınıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenskinin ofis rəhbərinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, təlimlər ölkənin bütün vilayətlərində qurulacaq mərkəzlərdə keçiriləcək və hazırlığa həm kişilər, həm də qadınlar cəlb olunacaqlar.

“Bu mərkəzlərdə atıcılıq meydançaları yaradılacaq, odlu silahlardan istifadə də təlim məqsədilə mümkün olacaq”, – deyə Vereşçuk bildirib.

Qeyd edək ki, son vaxtlar Ukraynada hərbi xidmətə çağırışla bağlı mövzu gündəmdən düşmür. Zelenskinin digər müavini Pavel Palisa isə daha sərt açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, hər bir vətəndaş, o cümlədən qadınlar da hərbi xidmət keçməlidir. Əks halda, bəzi hüquqlardan məhrum edilə bilərlər.

Xatırladaq ki, Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət 2022-ci dəfə fevralından etibarən tətbiq olunub və hələ də davam edir. 2024-cü ilin mayında isə səfərbərlik qaydalarını sərtləşdirən yeni qanun qüvvəyə minib. Artıq möhlət və təxirəsalma imkanları xeyli azaldılıb.

Bu səbəbdən çağırış yaşında olan kişilər müxtəlif yollarla hərbi xidmətə getməkdən yayınmağa çalışırlar. Bəziləri saxta xəstəlik arayışları alır, bəziləri universitetlərə qəbul olduğunu göstərir, digərləri isə riskə gedərək ölkə sərhədini qeyri-qanuni yollarla keçməyə cəhd edir.

Səbinə Uğur
"Cebheinfo.az"