Uşaqlara neçə yaşdan gediş haqqı ödənilir? - RƏSMİ CAVAB

Uşaqlara neçə yaşdan gediş haqqı ödənilir? - RƏSMİ CAVAB

İctimai nəqliyyatda, şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətində bəzi avtobuslarda azyaşlı uşaqlar üçün gediş haqqında fərqli yanaşmalar var.

Avtobuslarda yazılmış xəbərdarlıqda müxətlif qiymətlər göstərilir. Bəzi avtobuslarda 5, bəzilərində isə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının ödənilməli olduğu yazılıb.

Bu ziddiyyətli yanaşma sərnişinlər arasında gediş haqqının tətbiqi ilə bağlı çaşqınlıq yaradıb. 

Bəs mövcud qaydalara əsasən, neçə yaşdan sonra uşaqlar üçün gediş haqqı ödənilməlidir?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, mövcud normativ sənədlərə əsasən, 5 yaşına qədər uşaqlar üçün gediş haqqı ödənilmir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişin müntəzəm avtobus marşrutlarında özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir".  

Əfsanə Rəcəb
"Cebheinfo.az"