Azərbaycanda tələbələr niyə qəfil ölürlər?

Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.
Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Bildirilib ki, onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Qeyd edək ki, son illər insanların gənc yaşda vəfat etməsinə daha çox rast gəlinir. Bunu isə müxtəlif səbəblərlə izah edirlər.
Xüsusilə də gənclər arasında intihar, qəfil ölüm, dəm qazından boğulma kimi ölüm səbəblərinə də rast gəlinir. Bir ildə 76 tələbənin vəfat etməsi xəstəliklərin cavanlaşması, yoxsa digər problemlərdən irəli gəlir?
Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, ölkədə 2024-cü ildə 76 tələbənin vəfat səbəbi araşdırılmalıdır:
“Bir qrup gənclərin neyrotik xəstəlikləri, əsəb gərginliyi olur. Onlar həyatda müəyyən problemlə üzləşirlər. Həmin problemləri həll etmək onlar üçün çətin olur.
Yəni, problemin həlli yolunu tapa bilməyəndə, onun həllini bir şeydə görürlər. Çünki cavandırlar, təcrübələri yoxdur. Bu zaman çıxış yolunu intiharda görürlər və bununla da həyatlarını itirirlər. Həyatını itirən tələbələrin sırasında daxili xəstəlikləri, anadangəlmə ürək qüsurları, qaraciyər, böyrək, eləcə də digər ağır xəstəlikləri də olanlar da ola bilər.
İnsanlar bəzən erkən yaşlarda genetik olaraq ağır xəstəliklərə düçür olurlar. Nəticədə bununla bağlı erkən yaşlarda da ölə bilərlər. Əslində bunların hamısı araşdırmalıdır. Əgər bu xəstələrin həkim səhvi ucbatından ölüm halları varsa, təbii ki, həmin həkimlər buna görə cəzalandırılmalıdır.
Əksinə, əgər həkimlərin səhvi yoxdursa, bu zaman cinayət işi açılmır. Burada söhbət ondan gedir ki, həkim bütün proseduru, ya cərrahiyyə əməliyyatları, ya reanimasyon tədbirləri, yaxud digər tədbirləri normal qaydada həyata keçirirsə, buna baxmayaraq xəstənin orqanizminin gücü çatıb sağ qala bilmirsə, burada həkimin günahı yoxdur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”