Qazaxda yol qəzasında 4 nəfər ölüb - YENİLƏNİB - FOTOLAR
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı açıqlama yayıb.
İdarədən verilən məlumatda bildirilib ki, iyunun 5-də gecə saat 03:00 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib.
İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vəliyev Ramal Bəxtiyar oğlu “BMW” markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.
Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur.
***
09.03
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
08:10
Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev ölüb.
Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
07:49
Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"