55 gün okeanda qalan balıqçılar belə xilas oldular

Cənubi Amerika sahillərində əsl sağ qalma möcüzəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Perudan dənizə çıxan 3 Peru və 2 kolumbiyalı balıqçı 55 gün okeanın ortasında qalıb və həmkarları tərəfindən xilas edilib.
Belə ki, martın ortalarında Perunun paytaxtı Limanın cənubundakı Pukusana körfəzindən dənizə çıxan balıqçılar cəmi iki gün sonra qayıqlarında böyük nasazlıqla üzləşiblər. Alternatorların sıradan çıxması səbəbindən elektrik sistemləri sıradan çıxıb.
Rabitə və naviqasiya vasitələri işləməyincə balıqçılar açıq dənizdə dayaqlarını itirərək okeanın rəhminə qalıblar.
Ekvador Hərbi Dəniz Qüvvələrinin freqatının kapitanı Mariya Fares açıqlamasında "Gəmidə elektrik enerjisi yox idi. Onun mühərrikləri, işıqları və batareyaları tamamilə sönmüşdü" deyib.
Çətin şəraitdə sağ qalmağa çalışan ekipaj yoldan keçən balıqları mühərrikdən qaynar su ilə yarı qaynadaraq yemək məcburiyyətində qalıb.İçməli su tapa bilməyən balıqçılar sağ qalmaq üçün yağış suyu toplayır, bəzən susuzluqlarını dəniz suyu ilə yatırmağa çalışırdılar...
Günlərlə sürükləndikdən sonra ümidlərini itirmək üzrə olan balıqçılar mayın 7-də Ekvadorun "Aldo" adlı balıqçı qayığı tərəfindən təsadüfən görünərək xilas ediliblər.
Ekipaj mayın 10-u şənbə günü Qalapaqos adalarında bir limana çatıb və uzun müddət sonra ilk dəfə quruya ayaq basıb.
Balıqçıların səhhətinin yaxşı olduğu, onların təhlükəsiz şəraitdə ölkələrinə qayıtmaları üçün hazırda yerli hakimiyyət orqanları və xarici konsulluqlar tərəfindən lazımi prosedurların həyata keçirildiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"