Dünyanın böyük gücü Zəngəzur dəhlizində

Dünyanın böyük gücü Zəngəzur dəhlizində

“2025-ci il iyunun əvvəlində Çindən Ermənistana yeni beynəlxalq multimodal marşrut istifadəyə veriləcək”. 

Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov belə açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, layihənin təşəbbüskarı Ermənistan, operatoru isə Qazaxıstan tərəfi olub.

“Ermənistan uzun müddətdir ki, bu logistik dəhlizin həyata keçirilməsi üçün Çin, Qazaxıstan, Türkmənistan və İranla danışıqlar aparır. Çindən gələn konteyner qatarı Qazaxıstan və Türkmənistandan keçməklə İranın Culfa stansiyasına hərəkət edəcək. Boşaldıqdan sonra yük avtomobil nəqliyyatı ilə İrəvana çatdırılacaq. Bütün yol boyu hərəkət təxminən 25 gün davam edəcək.

Bu marşrut dəniz yükdaşımalarından baha başa gəlsə də, avtomobil yolu ilə müqayisədə daha sərfəli olaraq qalır. Hazırda Çindən Ermənistana yüklər əsasən Dubay və İranın Bəndər-Abbas limanı, eləcə də Afrika ətrafında dəniz yolu və Aralıq dənizi vasitəsilə daxil olur”, - məlumatda belə qeyd edilir. 

İvanov xatırladıb ki, Gürcüstandan keçən yola alternativ olaraq (Yuxarı Lars keçid məntəqəsi) İrandan keçən digər marşrut artıq fəaliyyət göstərir.

Onunla Ermənistan yük maşınları Türkmənistan və Qazaxıstandan keçməklə Rusiyaya gedir. Çatdırılma 7-9 gün çəkir. Bundan başqa, Ermənistan Fars körfəzi ölkələri və Hindistanla əlaqə yaratmaq üçün İranın Çabahar limanı üzərindən marşrutun açılması üzərində işləyir. Marşrut ideyası 2023-cü ildə yaranıb, lakin layihənin icrası təxirə salınıb. 

Plan Hindistanın Mumbay limanından yüklər Çabahara, oradan quru yolu ilə Ermənistana, Gürcüstana, daha sonra isə Avropa və Rusiyaya çatdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, aprelin 23-də Azərbaycan və Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin qurulması haqqında” Birgə Bəyanatın imzalanmasından sonra “Orta Dəhliz”in açılması üçün perspektiv imkanlar artıb. Çin “Orta dəhliz” vasitəsilə Azərbaycan üzərindən yüklərin Avropaya və əks istiqamətdə daşınması ideyasını dəstəkləyib. Bu da öz növbəsində, Çini Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəfə çevirir. 

Ermənistan isə yüklərin daşınması istiqamətini İrana, sonra isə öz ərazisindən avtomobil yolu ilə Gürcüstan və Qara dəniz istiqamətinə yönləndirmək istəyir. Nikol Paşinyan hökumətinin məqsədi bununla Zəngəzur dəhlizinin açılmasından növbəti dəfə yayınmaqdır. Əslində, Ermənistan ərazisindən keçməklə Gürcüstan və Qara dəniz üzərindən Avropa bazarlarına çıxışın əldə edilməsi layihəsi İrana məxsusdur. 

Rəsmi Tehran bununla həm Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almağa, həm də beynəlxalq bazarlara çıxış əldə etməyə çalışır. Lakin yüklərin İran-Ermənistan vasitəsilə daşınmasını təmin edəcək dəmir yol infrastrukturu yoxdur. Yəni nə İran, nə də Ermənistan həmin layihənin inşasını maliyyələşdirmək imkanlarına malikdir. Eyni zamanda, İranın ağır beynəlxalq sanksiyalar altında olması ilə əlaqədar xarici investor şirkətlər də “Fars körfəzi-Qara dəniz” layihəsinə maraq göstərmir. 

Üstəlik, Ermənistan ərazisinin mürəkkəb dağlıq relyefə malik olması bu ərazidə dəmir yolunun çəkilişini və tranzit daşımaların həyata keçirilməsini çətinləşdirir. İndiyə qədər Ermənistan hakimiyyəti sözügedən layihə üzrə 556 kilometrlik dəmir yolu xəttinin tikintisinə xarici şirkətlərin, o cümlədən Çin tərəfinin cəlbinə cəhd etsə də, buna nail ola bilməyib.

Ona görə də rəsmi İrəvan İranın Culfa dəmir yolu stansiyasından yüklərin avtomobil vasitəsilə daşınmasını təklif edir. Lakin Karen İvanovun da açıqlamasından da göründüyü kimi, quru yolu ilə tranzit xərclərinin baha başa gəldiyini Ermənistan rəsmən etiraf edir. 

Bölgədə həm məsafənin qısa olması, həm də xərclərə qənaət baxımından yüklərin “Transxəzər” nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən keçməklə daşınması mümkün ola bilər. Çünki Xəzər dənizi ilə daşımalar su nəqliyyatı ilə həyata keçirildiyindən daha az vəsait tələb edir. Azərbaycan ərazisindən isə yüklərin ötürülməsi üçün yeni və çoxşaxəli dəmiryolu infrastrukturu inşa edilib.

Bu isə daşıma xərclərinin səmərəliliyini təmin edir. Ermənistan ərazisinə keçdikdən sonra daşımalar üçün ən əlverişli marşrut Zəngəzurdan keçən 43 kilometrlik Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttidir. 

Müharibə vaxtı ermənilər tərəfindən dağıdılmış həmin yolun bərpası bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə yanaşı, Avropa bazarlarına çıxmaq üçün Ermənistanı regionun nəqliyyat-tranzit qovşağına çevirə bilər. Belə olan təqdirdə, digər dövlətlərin, o cümlədən Çinin Ermənistan ərazisindən tranzit məkan kimi istifadəyə marağı artacaq. 

Ancaq hazırda bunun əksi müşahidə olunur. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ildə bu ölkədən dəmir yolu ilə Ermənistana yükdaşımaların həcmi 13,7 milyon ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,9 faiz çoxdur. Ermənistan həcminə görə Gürcüstan vasitəsilə yük qəbul edən 3-cü ölkə olub. 

Göründüyü kimi, Ermənistanı şimal-cənub istiqamətində tranzit ölkəyə çevirmək ideyası söz olaraq qalır. Ermənistanın Gürcüstandan qəbul etdiyi yüklərin həcmi ixrac edilən mal və məhsullarla müqayisədə qat-qat az olub. Ona görə də Ermənistanın yeganə yolu Çinin “Bir kəmər, bir yol” layihəsinin orta xətti olan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"