Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır

Almaniya hökuməti bəyan edib ki, Ukraynada mayın 12-dək atəşkəs əldə olunmasa, Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sanksiyaların hazırlanması üçün vaxt artıq məhduddur.
“Saat işləyir, günün sonuna 12 saat qalıb. Əgər atəşkəs əldə olunmasa, Avropa tərəfi sanksiyaların hazırlanmasına başlayacaq”, – deyə Kornelius qeyd edib.
Onun sözlərinə görə, hazırlıqlar siyasi müşavirlər səviyyəsində aparılacaq.
Eyni zamanda, Brüsseldə 17-ci sanksiya paketi üzərində də işlər davam etdirilir.Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşa Baş naziri Donald Tusk mayın 10-da Kiyevə səfər edərək, Ukrayna tərəfinə 30 günlük atəşkəs təklif ediblər. Atəşkəsin mayın 12-dən başlaması nəzərdə tutulur.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin mətbuat konfransında çıxış edərək, Ukrayna rəhbərliyinə 2022-ci ildə dayandırılmış birbaşa danışıqları ilkin şərtsiz bərpa etməyi və bu danışıqların mayın 15-də İstanbulda başlanmasını təklif edib.
O həmçinin bildirib ki, Rusiya əvvəllər dəfələrlə atəşkəs elan edib, lakin bu təşəbbüslər Kiyev tərəfindən pozulub.
Səbinə Uğur
"Cebheinfo.az"