Belçika İsrailin hərbi attaşesini qovur

Belçika İsrailin hərbi attaşesini qovur

İsrailin Brüsseldə hərbi attaşesi vəzifəsini icra edən, Qəzzada aclığı silah kimi istifadə edərək soyqırıma dəstək verməkdə ittiham olunan Polkovnik Moşe Tetronun “arzuolunmaz şəxs” elan olunması üçün Belçika hökumətinə müraciət olunub.

"Cebheinfo.az" xəbər verir ki, Brüssel mərkəzli Hind Receb Fondundan verilən açıqlamada, Tetro, İsrail ordusunun Fələstin Ərazilərindəki Hökumət Fəaliyyətlərinin Koordinasiyası Bölməsinin (COGAT) nümayəndəsi olduğu dövrdə Qəzzadakı xəstəxanalara hücumları koordine etməkdə ittiham olunur.

Bildirilir ki, Tetro Qəzzada aclıqdan silah kimi istifadə edilməsinə töhfə verib və bu ittihamlar İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində hərbi cinayət və insanlığa qarşı cinayət ittihamları ilə çıxarılan həbs qərarları ilə eyni mahiyyətdədir.

Bu ciddi ittihamlara baxmayaraq, Tetro hələ də Belçikada diplomatik toxunulmazlıqdan istifadə edir.

Açıqlamada bu vəziyyətin Belçikanın beynəlxalq humanitar hüquq, Cenevrə Konvensiyaları və beynəlxalq cinayətlərdə ittiham olunan şəxslərlə əməkdaşlıq etməmək kimi beynəlxalq hüquq öhdəliklərinə sadiqliyi ilə bağlı ciddi narahatlıq doğurduğu vurğulanır.

Hind Receb Fondu Belçika hökumətinin Tetronu “arzuolunmaz şəxs” elan etməsini və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində həbs qərarı çıxarmasını tələb edir.

Qeyd edək ki, BMT 2024-cü il yanvarın 10-da Qəzzadakı fələstinlilərin 45 faizinin şiddətli aclıqla üz-üzə olduğunu bəyan etdiyi vaxtda, Tetro Qəzzada ərzaq çatışmazlığının olmadığını iddia etmişdi.

Hind Receb Fondu, Qəzzadakı xəstəxanalara edilən hücumları koordinasiya etdiyi və aclığı silah kimi istifadə etdiyi üçün Tetro barəsində həbs qərarı verilməsi üçün BCM-yə müraciət edib.

Nigar Hacılı 
"Cebheinfo.az"