Şimali Koreyanın birinci xanımı ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Şimali Koreyanın birinci xanımı ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Li Sol Çju təxminən bir il yarım fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu dəfə o, əlində İtaliyanın məşhur lüks markası "Gucci"yə məxsus olduğu ehtimal edilən bir çanta ilə görüntülənib.

Beləki, Li Sol Çju sonuncu dəfə 2024-cü il yanvarın 1-də dövlət mediasında yayımlanan fotolarda görünmüşdü.

İndi isə o, əri Kim Çen In və qızı Ju Ae ilə birlikdə ölkənin kasıb sahil bölgəsində inşa edilən dəbdəbəli istirahət kompleksinin açılış mərasimində iştirak edib.

“Gucci” markalı bu çantanın, təxminən 2 min dollara satılan “GG Marmont” modeli olduğu bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Pxenyana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində, Şimali Koreyaya lüks məhsulların idxalı qadağandır.

Amma bu cür məhsulların diplomatik toxunulmazlığı olan kuryerlər vasitəsilə gömrük yoxlamasından yayınaraq ölkəyə gətirildiyi iddia olunur.

Kim Çen Inın lüks məhsullara meyili məlumdur. O, bahalı saatlara, avtomobillərə və xüsusi təyyarələrə üstünlük verir. 

2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin Kim Çen Ina ölkəyə səfəri zamanı onun bəyəndiyi Rusiya istehsalı limuzini hədiyyə etmişdi.

Ekspertlərin fikrincə, rejimin 2023-cü ilin sonlarında rəsmi maaşları onqat artırmaq qərarına baxmayaraq, adi bir Şimali Koreyalı işçi hələ də ayda cəmi 30 min Koreya vonu, təxminən 4 dollar maaş alır.

Əfsanə
"Cebheinfo.az"