Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı ictimai müzakirə keçirildi - FOTO

Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı ictimai müzakirə keçirildi - FOTO

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitunda Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.  

Tədbiri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov açaraq layihənin məqsədi barədə məlumat verib. Onun bildirdiyinə görə, layihənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsinin təşviqinə yönəlib: “Dilimiz həm dövlətçilik, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Onun qorunması hər bir vətəndaşın milli borcudur”.

 

Sonra mövzu ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov məruzə edib. O, məruzəsində layihə çərçivəsində aparılan monitorinqlərin nəticələri barədə danışıb. Bildirib ki, mediada, sosial şəbəkələrdə və reklamlarda əcnəbi sözlərin həddindən artıq istifadəsi dilin zənginliyinə zərər vurur. Məruzəçinin fikrincə, bu vəziyyət dil mədəniyyətinə və milli-mədəni dəyərlərə ziddir.

M.Rəhimov məruzəsində bir sıra məsələlərlə yanaşı mağaza adlarında, obyekt lövhələrində və reklam bannerlərində əcnəbi söz və ifadələrdən geniş istifadənin yaxşı hal olmadığını qeyd edib. Onun fikrincə, bu cür neqativ

halların artması Azərbaycan dilinin ictimai məkanlarda təhrif olunmasına və milli terminoloji bazanın zəifləməsinə səbəb olur. Məruzəçi son illər valideynlərin uşaqlarına qeyri-ənənəvi, Azərbaycan dilində yad səslənən adlar qoymasını dilimizin saflığına və milli-mədəni dəyərlərin yaşadılmasına zərbə vurmaq kimi qiymətləndirib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru, professor Nadir Məmmədli ictimai müzakirələrin əhəmiyyətinə toxunaraq qeyd edib: “Dilimizin təbliği və qorunması yalnız dilçilərin deyil, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Dövlət qurumları və ictimaiyyət bu məsələdə fəal olmalıdır. Biz Dilçilik İnstitutu olaraq bu cür təşəbbüsləri hər zaman dəstəkləyirik. Bu kimi təşəbbüslərin Azərbaycan dilinin qorunması və ictimai şüurda dil məsuliyyətinin formalaşdırılması baxımından mühüm rol oynayır”.

“Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqova isə alınma terminlərin geniş istifadəsinin yaratdığı problemlərdən bəhs edib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının diqqət mərkəzindədir və bir çox sahələr üzrə alternativ qarşılıqlar müəyyən edilib:

“Sosial şəbəkələrdə və gündəlik istifadədə milli qarşılıqlara üstünlük verilməlidir. Alınma sözlər yalnız elmi-texniki kontekstdə zəruri ola bilər”.

Tədbirdə həmçinin Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və “Toponimika” şöbəsinin müdiri, dosent Elçin İsmayılov da çıxış edərək, bu sahədəki təşəbbüslərin davamlılığının vacibliyini vurğulayıb, dil pozuntularına qarşı mübarizə yolları barədə təkliflər irəli sürüblər.

 

"Cebheinfo.az"