“Euronews Academy” təlimi yekunlaşdı - FOTOLAR

“Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində iyunun 23-dən 27-dək davam edən ilk təlim modulu bu gün yekunlaşıb.
Bu barədə "Cebheinfo.az"-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar beş gün ərzində müasir jurnalistikanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim proqramının son günündə “Mobil Jurnalistika” mövzusunda sessiya keçən Levan Shermadini informasiyanın hazırlanması, oxucunun diqqətini çəkə biləcək başlıqların seçilməsi və müasir proqram təminatlarının tətbiq imkanları barədə ətraflı məlumat verib.
Bununla yanaşı, onlayn rejimdə keyfiyyətli foto və videomüsahibələrin hazırlanması, düzgün işıqlandırma üsullarından istifadə, telefon vasitəsilə videosüjetlərin redaktəsi və aydın səslə audiomüsahibələrin yazılması bacarıqları öyrədilib.
Proqram müddətində iştirakçılar rəqəmsal xəbər toplanması, süni intellekt və SEO alətləri, data vizualizasiya, video strategiyası, sosial media və mobil jurnalistika kimi geniş spektrli mövzular ətrafında keçirilən təlimlərə qatılıblar.
Təlimləri “Euronews” telekanalının peşəkar mütəxəssisləri – multimedia jurnalisti Tuba Altunkaya, sosial media redaktoru Fatih Yetim və baş operator Levan Shermadini aparıb.
Qeyd edək ki, proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
"Cebheinfo.az"