Naxçıvan Ali Məclisi belə buraxılacaq

Naxçıvan Ali Məclisi belə buraxılacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına yeni 28-1-ci maddə əlavə edilməsi təklif olunur.

Həmin maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Layihəyə əsasən, növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

"Cebheinfo.az"