Müharibə internetdə də gedir: Ehtiyatlı olun

Yaxın Şərqdə gərginləşən İran-İsrail qarşıdurması təkcə raketlər və dronlarla deyil, eyni zamanda internet üzərindən, yəni rəqəmsal cəbhədə də davam edir.
İddialara görə, İran İsrailin böyük şəhərlərində o cümlədən Təl-Əvivdə şəxsi təhlükəsizlik kameralarını raket hücumları zamanı hədəf təyin etmək üçün istifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin Kibertəhlükəsizlik İdarəsinin sabiq rəsmisi Rafael Franko bu cür hücumlarıb artdığını bildirib. O, vətəndaşlara evlərindəki kameraları ya söndürməyi, ya da onların şifrələrini dəyişdirməyi tövsiyə edib.
İsrail rəsmiləri təsdiqləyirlər ki, internetə bağlı olan bu kameralar İran tərəfindən hərbi məqsədlə istifadə olunur. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də məhz həmin kameralar vasitəsilə çəkildiyi deyilir. Bənzər hal 2023-cü ilin oktyabrında da yaşanmışdı. HƏMAS hücumlarından öncə İsrailin mülki kameralarını sındıraraq kəşfiyyat toplamışdı.
Bu, təkcə İsrail və İran arasında deyil,başqa ölkələrdə də oxşar vəziyyət yaşanır. Rusiya Ukraynaya hücumları zamanı sərhəd keçidlərindəki kameralardan istifadə edib. ABŞ isə Çin istehsalı olan təhlükəsizlik sistemlərini “milli təhlükəyə çevrildiyi üçün” qadağan edib.
Ukrayna isə 2022-ci ildə təhlükəsizlik kameralarını tamamilə qadağan etdi, hətta vətəndaşlara “canlı yayımı dayandırın” çağırışı edildi. Çünki bu görüntülər raket hücumlarını istiqamətləndirmək üçün istifadə olunurdu.
Haker hücumları artır.
İran və İsrail arasında rəqəmsal qarşıdurma da böyüyür. Son günlərdə yayılan məlumata görə, İsraillə əlaqəsi olduğu iddia edilən bir haker qrupu İranın məşhur kriptovalyuta birjası "Nobitex"ə hücum təşkil edib. Amma əsas problem ondadır ki, bu təhlükəsizlik kameralarının əksəriyyəti çox zəif qorunur. Sadə şifrələr, köhnə proqram təminatı və ucuz sistemlər hakerlər üçün adeta açıq dəvət kimidir. Kamera təkcə sizi deyil, başqalarını da izləyir.
"BitSight" şirkətinin apardığı araşdırmaya görə, təkcə ABŞ-də 14 mindən çox kamera internetdə açıq vəziyyətdə işləyir. İsraildə isə 66 min kameranın hələ də standart yəni heç dəyişdirilməmiş şifrə ilə çalışdığı ortaya çıxıb. Mütəxəssislər deyirlər ki, təhlükəsizlik sistemləri alarkən əsas diqqət qiymətə yox, onun nə qədər qorunduğuna yönəldilməlidir. Onlar xəbərdarlıq edirlər: “Kamera təkcə evinizi yox, qonşunuzu, yaxınlıqdakı obyektləri və bəzən hərbi hissələri də çəkə bilər".
Səbinə Uğur
"Cebheinfo.az"