Rus qızlardan keçən xəstəlik, xəyanət və şantaj: Milyarderin ilginc ifadəsi

Rus qızlardan keçən xəstəlik, xəyanət və şantaj: Milyarderin ilginc ifadəsi

"Microsoft"un qurucusu və milyarder Bill Qeyts azyaşlı qızların istismarında ittiham olunan Cefri Epşteyn ilə əlaqələri barədə ABŞ Konqresində ifadə verib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin açıqladığı minlərlə sənəddə adı hallanan Qeyts Epşteynin törətdiyi cinayətlərdən xəbərsiz olduğunu və onun məşhur adasına heç vaxt getmədiyini bildirib.

Belə ki, son aylarda yayımlanan sənədlərdə Epşteynin 2013-cü ildə Bill Qeytsə uzun elektron məktub göndərdiyi və münasibətlərin kəsilməsinə görə onu sərt tənqid etdiyi qeyd olunub. Həmin yazışmalardan birində Qeytsin rus qadınları ilə əlaqələri nəticəsində cinsi yolla keçən xəstəliyə yoluxduğu iddia edilib.

Qeyts, həmçinin Epşteyn tərəfindən şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə olunaraq təzyiqə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Epşteyn evlilikdənkənar münasibəti barədə məlumatlara malik olub və bundan istifadə edərək onunla əlaqələri davam etdirməyə çalışıb.

Qapalı iclasdan çıxarkən isə iştirakçılardan biri Qeytsə “Uşaq əti yeməyi dayandır!” deyə qışqırıb.

Açılış çıxışında Qeyts bildirib ki, şəxsi həyatında baş verənlərin Epşteynlə heç bir əlaqəsi olmayıb. O qeyd edib ki, Epşteyn münasibətləri barədə məlumatlardan və müxtəlif yalanlardan istifadə edərək ona təsir göstərməyə çalışsa da, buna nail ola bilməyib.

Qeytsin sözlərinə görə, o, 2014-cü ilin dekabrında Epşteynin xeyriyyəçiliklə bağlı verdiyi vədləri yerinə yetirməyəcəyini anladıqdan sonra onunla əlaqələrini tamamilə kəsib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin qapalı iclasında çıxış edən milyarder bildirib:

“Mən öyrəndim ki, Epşteyn şəxsi həyatıma dair həssas məlumatlara, o cümlədən evliliyimə xəyanət etdiyim faktına çıxış əldə edə bilib. Bu məsələlərin Epşteynlə münasibətlərimlə əlaqəsi yox idi, lakin ailəm üçün ağrılı olub”.

Qeyts qanunvericilərə Epşteynlə keçmiş görüşlərinin səhv olduğunu etiraf edib. O, Epşteynin adasına, fermasına və ya Floridadakı evinə heç vaxt getmədiyini vurğulayıb.

Milyarder Epşteynlə ilk dəfə 2011-ci ildə tanış olduğunu deyib. Buna səbəb isə Epşteynin qlobal ictimai səhiyyə layihələri üçün milyardlarla dollar vəsait cəlb edə biləcəyini iddia etməsi olub.

Qeyd edək ki, Epşteyn həmin dövrdə artıq 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etməyə cəhd göstərdiyinə görə məhkum olunmuş və cinsi cinayətkar kimi qeydiyyata alınmışdı.

Qeyts ifadəsində, “Epşteynin keçmişdə hüquqi problemlərinin olduğunu bilirdim. Lakin onun cinayətlərinin miqyasını və ağırlığını tam dərk etməmişdim. Lazımi araşdırma aparmadan görüş dəvətini qəbul etməyim səhv idi”, - deyə bildirib.

O əlavə edib ki, Epşteynlə münasibətləri məhdud xarakter daşıyıb və 2014-cü ildə tamamilə dayandırılıb. Qeytsin sözlərinə görə, görüşlərin əsas məqsədi onun rəhbərlik etdiyi fondun qlobal sağlamlıq layihələrinə varlı donorların cəlb olunması imkanlarını müzakirə etmək olub.

Əfsanə Rəcəb
“Cebheinfo.az”