Dərslik yerinə süni intellekt: "Təhsil "qəfəs"dən çıxır"
"Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda süni intellekt müəlliflərdən daha yaxşı dərsliklər təqdim edir:
"Uşaqlara düzgün sual verməyi öyrətsək, dərslikləri süni intellekt əvəzləyə biləcək. Süni intellekt üç-dörd il sonra hətta Dilçilik İnstutunun tədqiqatlarını da daha yaxşı formada təqdim edəcək. Amma bu, o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac olmayacaq".
Maraqlıdır, süni intellekt dərslikləri və hətta müəllimləri əvəz edə bilərmi?
Mövzu ilə bağlı ”Cebheinfo.az" –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, tətbiq edilən yeniliklər təhsil sisteminə üstünlük qazandırır:

“Nazirin bu fikri ilk baxışdan adamda təəccüb yaratsa da, əslində burada qorxulu heç nə yoxdur. Bu, sadəcə gələcəyin qaçınılmaz reallığıdır. Daxili stereotipləri kənara qoyub məsələyə peşəkar yanaşsaq, görərik ki, dərsliklər "ölə" bilər, amma proqramlar və standartlar heç vaxt ölmür.
Valideynlərin ən çox narahat olduğu məqam isə budur ki, dərslik olmasa, vahidlik necə qorunacaq? Hərə öz bildiyini öyrətməyəcək ki? Qətiyyən. Biz çox vaxt dərsliklə tədris proqramını bir-birinə qarışdırırıq. Dərslik sadəcə bir alətdir. Həm də çox vaxt ağır, statik, uşaqların çantasını dolduran bir alət.
Süni intellekt gələndə dövlətin təhsil standartı, yəni uşağın filan sinifdə nəyi bilməli olduğu tələbi yerində qalır. Sadəcə həmin standarta çatmaq üçün hamıya eyni, şablon kitab oxudulmur".
Ekspert bunu sadə nümünə ilə belə izah edib:
"Hədəfimiz Bakıdan Gəncəyə getməkdirsə, bu, bizim dövlət standartımızdır. Köhnə dərslik sistemi hamını eyni qatara mindirib eyni sürətlə aparmağa çalışırdı.
Süni intellekt isə hər kəsə fərdi GPS, fərdi naviqator verir. Biri sürətlə gedəcək, biri yolda dayanıb dincələcək, biri daha gec irəliləyəcək. Amma nəticədə hamı günün sonunda Gəncəyə çatacaq".
Onun sözlərinə görə, süni intellekt dövlətin müəyyən etdiyi çərçivəni və standartı götürüb hər uşağın qavrama sürətinə, onun dilinə və xüsusiyyətlərinə uyğunlaşdıracaq:
“Yəni reallıqda standart itməyəcək, əksinə, daha dəqiq işləyəcək. Çünki artıq heç bir uşaq "kitab maraqsızdır" deyib dərsdən yayınmayacaq. Süni intellekt materialı onun üçün daha maraqlı və anlaşıqlı edəcək. Müəllim də ağır dərslik yükündən, proqramı çatdıra bilməmək dərdindən, mexaniki icmallar yazmaq məcburiyyətindən qurtulacaq.
İndiyə qədər müəllim sinifdə birtərəfli qaydada informasiya ötürən şəxs rolunu oynayırdısa, indi bu yükün böyük hissəsi robotun üzərinə düşəcək. İnformasiyanı, faktı, qaydanı süni intellekt uşağa bəzən müəllimdən də yaxşı izah edəcək. Müəllim isə informasiya daşıyıcısından şəxsiyyət memarına çevriləcək”.
O qeyd edib kİ, nazirin dediyi "düzgün sual vermək" məsələsinin fəlsəfəsi də məhz buradadır:
“Süni intellekt hər suala cavab verə bilər. Amma uşaqda o sualı vermək marağını, tənqidi təfəkkürü, "görəsən bu cavab doğrudur, yoxsa saxtadır?" şübhəsini yalnız canlı müəllim formalaşdıra bilər. Robot uşağa fizikanı öyrədə bilər, amma empatiyanı, insanlığı, komanda ilə işləməyi, mənəvi dəyərləri öyrədə bilməz. Bir sözlə, dərsliklərin sıradan çıxması təhsilin bitməsi deyil, onun qəfəsdən çıxmasıdır.
Müəllim artıq uşağın başında durub "əzbərlə" deyən nəzarətçi yox, onun əlindən tutan bələdçi, mentor olacaq. Bu prosesdə yalnız bir qrup- yenilikdən qorxanlar və köhnə dərslikləri köçürüb bundan pul qazananlar- uduzacaq. Burada qazanan isə, təbii ki, yenə də Azərbaycan təhsili olacaq”.
Gülər Həsənli
“Cebheinfo.az”

