Deripaska: “Güclü rubl milyonlarla iş yerini risk altına salır”
Rusiyalı milyarder Oleg Deripaska son dövrlərdə sürətlə möhkəmlənən rublun ölkə iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrildiyini bildirib.
Dolların məzənnəsinin 72 rubl səviyyəsinə qədər enməsinin ixracatçı şirkətlərin rəqabət qabiliyyətini zəiflətdiyini qeyd edən Deripaska mövcud valyuta siyasətinin milyonlarla insanın məşğulluğunu təhlükə altına qoyduğunu deyib.
"Cebheinfo.az" xəbər verir ki, “Rusal” şirkətinin təsisçisi olan Deripaskanın sözlərinə görə, güclü rubl səbəbindən dövlət büdcəsi təxminən 6 trilyon rubl gəlir itirib. İş adamı yüz minlərlə müəssisənin zərərlə işləməyə başladığını və təxminən 3 milyon nəfərin işini itirmək riski ilə üzləşdiyini iddia edib.
Deripaska bildirib ki, Yaponiya, Cənubi Koreya və Çin kimi ixracyönümlü iqtisadiyyatlar milli valyutalarının həddindən artıq möhkəmlənməsinə imkan vermirlər. O, mart ayında dolların məzənnəsinin ən azı 105 rubl səviyyəsinə yüksəlməsinin vacib olduğunu müdafiə etdiyini xatırladıb.
Rusiyanın polad nəhəngi "Severstal"ın sahibi Aleksey Mordaşov şirkətin yeni işçi qəbulunu dayandırdığını və ixtisar variantlarını nəzərdən keçirdiyini açıqlayıb.
Şirkət, həmçinin 2026-cı il üzrə investisiya proqramını 24 faiz azaldıb. Bundan başqa, əməliyyat fəaliyyətindən əldə olunan pul axınının mənfi göstəriciyə düşdüyü bildirilib.
VEB.RF-in rəhbəri İqor Şuvalov qurum əməkdaşlarının 15 faizinin işdən çıxarılmasının planlaşdırıldığını açıqlayıb.
Rusiya mətbuatında yayılan məlumatlara görə, 13 bank isə kadr sayında əhəmiyyətli ixtisarlara gedib.
“Get Experts” araşdırma şirkətinin məlumatına əsasən, ötən il Rusiyadakı şirkətlərin 25 faizi iqtisadi şərait səbəbindən işçi sayını azaltmağa məcbur olub.
Nigar Hacılı
"Cebheinfo.az"

