“TikTok”a rekord cərimə

“TikTok”a rekord cərimə

Avropa İttifaqı, Çin mənşəli sosial media nəhəngi “TikTok”a 530 milyon avro (təxminən 600 milyon dollar) məbləğində rekord cərimə tətbiq edib.

“Cebheinfo.az” xəbər verir ki, cəzanın səbəbi “TikTok”un istifadəçi məlumatlarını Çin rəsmiləri ilə paylaşdığı iddiasıdır.

Bu qərarı Avropa İttifaqı adından çıxış edən İrlandiyanın Məlumatların Qorunması Komissiyası verib.

Qurumun əsaslandırmasına görə, “TikTok” Avropa İttifaqına üzv ölkələrdəki istifadəçilərin şəxsi məlumatlarının Çin rəsmilərinə açıq olmasının qarşısını almaqda yetərli tədbirlər görməyib. 

“TikTok” əvvəlcə Avropa istifadəçilərinin məlumatlarını Çində saxlamadığını iddia etsə də, sonradan bu faktı təsdiqləyib.

“TikTok” İrlandiya tərəfindən verilən 530 milyon avroluq cəzaya etiraz etməyi planlaşdırır.

Şirkət bildirir ki, indiyədək Çin hakimiyyətindən Avropa istifadəçilərinin məlumatları ilə bağlı heç bir sorğu almayıb.

“TikTok Europe”un nümayəndəsi Kristine Qran məsələyə münasibət bildirərək, ““TikTok” heç vaxt Çin rəsmilərinə Avropa istifadəçilərinin məlumatlarını təqdim etməyib. Bu qərarla razı deyilik və ona qarşı tam şəkildə etiraz etməyi planlaşdırırıq” deyib.

Qeyd edək ki, ABŞ-də də “TikTok”un istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşması ilə bağlı narahatlıqlar mövcuddur.

Bu səbəbdən, əgər “TikTok” ABŞ-a məxsus şirkətə satılmasa, platformanın ölkədəki fəaliyyətinin dayandırılması gündəmdədir.

Yanvar ayında Vaşinqton administrasiyası “TikTok”a qarşı məhdudiyyətlər tətbiq etmiş və platforma ölkədə bağlanmışdı.

Lakin ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra “TikTok” ölkədə yenidən fəaliyyətə başlayıb.

Şirkətin açıqlamasında, “Xidmət təminatçılarımızla imzalanan razılaşma əsasında “TikTok”un fəaliyyəti tədricən bərpa olunur”, deyilib.

Bununla belə, Tramp bir neçə gün əvvəl açıqlamasında bildirib ki, “TikTok”un ABŞ-dəki aktivlərinin Çindən ayrılması ilə bağlı qanunvericilik hələ də gündəmdədir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”