“TikTok” 530 milyon avro cərimələndi

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyici qurumu "TikTok" sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq qaydalarını pozduğuna görə 530 milyon avro məbləğində cərimələyib.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqında fərdi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Qorunması Komissiyası (DPC) "TikTok" ilə bağlı araşdırmasının başa çatdığını açıqlayıb.
Açıqlamada Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində "TikTok"-un qanuna uyğunluğunun araşdırıldığı, köçürmələrlə bağlı istifadəçilərə məlumatların verilməsi və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.
Açıqlamada "TikTok"-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı Aİ Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu təsbit edildiyi, şirkətə 530 milyon avro cərimə kəsildiyi və 6 ay ərzində fəaliyyətinin Aİ qaydalarına uyğunlaşdırılması əmri verildiyi bildirilib.
2023-cü ildə DPC şəxsi məlumatların mühafizəsinin pozulmasına görə Çinin "TikTok" video paylaşma platformasına 345 milyon avro cərimə kəsib.
Bir çox böyük rəqəmsal platformalar Avropada fəaliyyətlərini İrlandiyada davam etdirirlər. Buna görə də İrlandiyanın məlumat orqanı bu sahədə Aİ məlumat tənzimləyicisi rolunu öz üzərinə götürür. Aİ Ümumi Məlumatların Qorunması Qaydasına əsasən, İrlandiya məlumat orqanı qaydaları pozan şirkətlərə qlobal dövriyyənin 4 %-ə qədər cərimə tətbiq edə bilər.
Nigar
"Cebheinfo.az"