Şahzadə Harridən gözlənilməz açıqlama

Şahzadə Harridən gözlənilməz açıqlama

Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Harri atası Kral III Çarlzla barışmaq istədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə 2020-ci ildən ABŞ-də yaşayan Kral III Çarlzın oğlu BBC-yə müsahibəsində danışıb.

Müsahibə Harri və ailəsinin Britaniyada təhlükəsizlik hüquqları ilə bağlı məhkəmə prosesini uduzmasından sonra Kaliforniyada baş tutub.Şahzadə qeyd edib ki, atası onunla danışmır və ailə ilə münasibətləri dərin uçurumla ayrılıb.

“Artıq neçə il keçib. Bilmirəm, atamın nə qədər vaxtı qalıb...”, - deyə o, səmimi etiraf edib.

Harri məhkəmə qərarını “şəxsi yox, sistemin düzəldilmiş oyunu” adlandırıb və deyib ki, onun və ailəsinin təhlükəsizliyinin zəiflədilməsi qərarı arxasında kral sarayının təzyiqləri dayanır:

“Məni ən çox üzən məğlubiyyət yox, bu qərarın arxasında duran insanların düşüncə tərzidir. Onlar üçün bu, adi haldır. Mənim üçünsə yox”.

Şahzadə bildirib ki, bu qərar onun həyatına hər gün təsir edir.

O, yalnız kral ailəsinin dəvəti olacağı təqdirdə Britaniyaya təhlükəsiz şəkildə qayıda biləcəyini deyib.

Xatırladaq ki, Şahzadə Harri 2020-ci ildə kral ailəsinin rəsmi üzvü statusundan imtina edib və  ABŞ-a köçdükdən sonra onun təhlükəsizlik rejimi dəyişdirilib.

O deyir ki, həmin vaxt bu addımın həm onu, həm həyat yoldaşı Meqanı, həm də sonradan doğulan uşaqlarını risk altında qoyduğu hamıya bəlli idi:

“Hər kəs bilirdi ki, biz risk altına düşürük, amma sanki gözləyirdilər ki, bu bizi geri dönməyə məcbur edəcək. Amma bu alınmadı. İndi isə soruşuram, təhlükəsizliyimizi təmin etməyi istəmirsinizmi?”

Harri bildirib ki, məsələyə nə kral, nə də hökumət müdaxilə edib:

“Mən atamdan xahiş etmədim ki, müdaxilə etsin. Sadəcə istədim ki, geri çəkilsin və işi mütəxəssislərə buraxsın”.

"BBC"-yə müsahibəsində Harri qərarın “ailə daxilindəki soyuqluğun” dərinləşdiyini, amma artıq ailə üzvlərini bağışladığını deyib:

“Heç kimlə düşmənçilik etmək istəmirəm. Sadəcə istəyirəm ki, barışaq. Həyat dəyərli və qısadır”.

Harri qərarın arxasındakı təsiri ifşa etdi:

Şahzadə xüsusilə vurğulayıb ki, qərarı verən təhlükəsizlik komitəsində kral sarayının nümayəndəsinin iştirak etdiyini eşidəndə heyrətə gəlib:

“Bu, sadəcə hüquqi məsələ deyildi. Burada sarayın təsiri açıq görünürdü. Mənim statusum gecə ilə dəyişdirildi, yüksək riskli şəxsdən aşağı riskli statusa”.

Harri Britaniyanın Baş naziri Kir Starmeri və daxili işlər naziri İvet Kuperi bu məsələni araşdırmağa çağırıb.

O bildirib ki, “RAVEC” adlı çox məxfi qurumun işi yenidən gözdən keçirilməlidir və bu məqsədlə yaxın günlərdə rəsmi məktub yazacaq:

“Ümid edirəm ki, sadəcə bir ata, bir ailə üzvü olaraq düşünərlər, fərqli baxışlarımız olsa belə, biz sadəcə təhlükəsiz yaşamaq istəyirik”.

Şahzadə sonda etiraf edib ki, daha məhkəmə yolu ilə mübarizə aparmaq niyyətində deyil, çünki “bu sistemin içində qalib gəlmək mümkün deyil”.

Səbinə Uğur
"Cebheinfo.az"