Trampdan Harvard Universitetinə görünməmiş zərbə

ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Harvard Universiteti arasında gərginlik artır.
Tramp sosial mediada "Biz Harvardın vergidən azad statusunu ləğv edəcəyik. Onların layiq olduqları budur" deyib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fələstinə dəstək nümayişlərində önə çıxan Harvard Universitetinin vergidən azad edilməsinin qaldırılacağını açıqlayıb.
Federal hökumətin əvvəlcə kampusunda Fələstinə dəstək nümayiş etdirdiyi, daha sonra isə müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına can atdığı üçün tənqid atəşinə tutulan Harvard Universiteti ilə Tramp administrasiyası arasında mübahisə davam edir.
Tramp bu barədə “Truth Social” sosial media hesabında açıqlama verib:
"Biz Harvardın vergidən azad olmasını aradan qaldıracağıq. Onların layiq olduqları budur!"
Tramp bunun necə və nə vaxt baş verəcəyi ilə bağlı heç bir məlumat verməyib. Qeyd edək ki, Tramp administrasiyası Fələstin tərəfdarı kampus etirazlarını və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək Harvard da daxil olmaqla bir neçə universitet üçün federal maliyyəni dondurmaqla hədələyib.
Administrasiya, müxtəlif təşkilatlar tərəfindən Harvard Universitetinə verilən qrantların "vətəndaş hüquqları qanunlarına uyğun istifadə edilməsini təmin etmək üçün" 8,7 milyard dollardan çox qrantla bağlı araşdırma açdığını açıqlayıb. Harvard Universiteti federal administrasiyanın bu təhdidinə cavab olaraq Trampın “universitetdə islahatlar aparılması” tələblərini qəbul etməyəcəyini açıqlayıb.
Harvard Universitetinin professorları Tramp administrasiyasının məktəbə federal maliyyə ayırdığı 8,7 milyard dolları araşdırmaq qərarına etiraz edərək məhkəməyə müraciət ediblər. Tramp administrasiyası həmçinin Harvard üçün 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.
ABŞ Daxili Gəlir Xidməti (IRS) Harvard Universitetinin vergidən azad edilməsini aradan qaldırmağı nəzərdən keçirdiyini açıqlayıb. ABŞ-də 1909-cu ildə qüvvəyə minmiş Daxili Gəlirlər Məcəlləsinə əsasən, "yalnız dini, xeyriyyəçilik və ya təhsil məqsədləri üçün" fəaliyyət göstərən qeyri-kommersiya təşkilatları ictimai faydaya xidmət etməyə davam edə bilmələri üçün vergidən azaddırlar.
Bu kontekstdə IRS universitetlərdən tutmuş kilsələr və fondlar kimi xeyriyyə təşkilatlarına qədər təxminən 2 milyon təşkilata "vergidən azad status" verib.Bu statusa əsasən, həmin təşkilatlar federal gəlir vergilərini ödəməkdən azaddırlar və ianələr IRS tərəfindən vergidən çıxılan hesab edilir. Digər tərəfdən, bu təşkilatlar menecerlərə qeyri-qanuni ödənişlər etmək, seçki dövrlərində siyasi namizədləri dəstəkləmək və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olmaq kimi səbəblərdən “vergidən azad olma statusunu” itirə bilər.
Nigar
"Cebheinfo.az"