Avropa Şurası Ermənistan hakimiyyətini ittiham etdi

Avropa Şurası Ermənistan hakimiyyətini ittiham etdi

Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) Ermənistan hökumətindən xərclərin şəffaflaşdırılmasını tələb etməsinə baxmayaraq, Baş nazir, Prezident və Milli Məclis sədrinin protokol, nəqliyyat və yaşayış xərclərini gizli saxlanılmaqda davam edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Qeyd edilir ki, Ermənistanda Prezidentin, Baş nazirin və Milli Məclisin sədrinin mərasim xərcləri 2016-cı ilin dekabrında təhlükəsizlik bəhanəsi ilə məxfi saxlanılıb.

Bundan əvvəl keçmiş prezident Serj Sarkisyanın biznesmen Samvel Karapetyanın oğlunun toyunda iştirak etmək üçün dövlət təyyarəsi ilə getdiyi, yaxud da Ara Abramyanın Moskvada ad gününə qatılmaq üçün dövlət təyyarəsindən istifadə etdiyi barədə xəbərlər yayılmışdı. 

2013-cü ildə müxalifət deputatları keçmiş baş nazir Tiqran Sarkisyanı 200 min dollara üç xüsusi uçuş təşkil etdiyinə görə sərt tənqid etmişdilər. Şəffaflıq və hesabatlılıq vədlərinə baxmayaraq, inqilabdan sonra hakimiyyətə gələn “Vətəndaş Müqaviləsi” Partiyası hələ də bu xərclərin şəffaflaşdırılması istiqamətində addım atmayıb.

Üstəlik, 2019-cu ildə parlamentdəki çoxluq “Parlaq Ermənistan” fraksiyasının bu satınalmaları ictimaiyyətə açıqlayacaq layihəsini rədd edib.

Bildirilir ki, Ermənistan hakimiyyəti Serj Sarkisyanın dövründə qəbul edilmiş qanunun arxasında gizlənərək şübhəli məqsədəuyğunluq və səmərəliliklə xərcləməkdə davam edir. 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan aprelin 26-da Vatikanda Papanın dəfn mərasimini nəzərə almasaq, son 6 ayda 6 xarici səfər edib.

Prezident aparatı 2016-cı ildə dəyişdirilmiş “Satınalmalar haqqında” Qanuna istinad edərək Prezidentin bu səfərlərin hər biri üçün yaşayış, nəqliyyat və digər protokol xərclərinin nə qədər təşkil etdiyini “Azadlıq” radiosuna açıqlamaqdan imtina edib.

Qeyd edilir ki, Ermənistanda Baş nazir, Milli Məclisin sədri və xarici işlər naziri də daxil olmaqla bir sıra məmurlar İrəvanın Kond rayonundakı (Təpəbaşı məhəlləsi) şəxsi evlərdə yaşayırlar.

Onların texniki və digər xidməti “Dövlət  Şəxsi Yaşayış Təsərrüfatı” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçirilir. Bəzi sənədlərdə aydın olur ki, bu qurum xüsusilə 8 fərdi evə qulluq edir və xidmət göstərir. Lakin təşkilat hazırda həmin evlərdə kimin yaşadığını bildirməkdən imtina edib (şəxsi evə texniki qulluq 8 binada aparıla bilər, lakin sakinlərin sayı daha az ola bilər). 

Adıçəkilən qeyri-kommersiya təşkilatı həmçinin, son illər Təpəbaşıdakı fərdi evlərdə təmir işlərinin aparılıb-aparılmaması, bu işlərə nə qədər vəsait xərcləndiyi, fərdi evlərin elektrik enerjisi, istilik, yemək xərclərinin nə qədər olması və s. barədə məlumat verməkdən imtina edib.

Son illər “Dövlət Şəxsi Yaşayış Təsərrüfatı”nın büdcəsinin durmadan artdığı məlum olub. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu Ermənistanla bağlı 5-ci qiymətləndirmə hesabatında bir il əvvəl mərasim xərclərinin tənzimlənməsinə dəyişiklik təklif edib.

GRECO Baş nazirin, baş nazirliyə namizədin, Prezident və Milli Məclis sədrinin mərasim xərcləri ilə bağlı mövcud qapalı dövlət satınalma prosedurlarına yenidən baxılmasını tövsiyə edir. 

“Azadlıq” radiosunun suallarını cavablandıran GRECO Baş nazirin, baş nazirliyə namizədin, Milli Məclis sədrinin və Prezidentin xərclərinin böyük bir hissəsinin qapalı olmasına istinad edərək qeyd edib ki, onlar xərclərin ümumi açıq tender və şəffaflıq rejimindən azad edilməli olduğuna əmin deyillər.

Qurum bu ilin sentyabrın 30-dək təqdim edilməli olan hesabat əsasında 2026-cı ildə Ermənistanda öz tövsiyələrinin icrasını qiymətləndirəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”