Hidayət Orucov vəfat etdi
Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş böyük şəxsiyyət, tanınmış dövlət xadimi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Xudubəş oğlu Orucov ömrünün 82-ci ilində dünyasını dəyişib.
Bu barədə KONKRET.az-a yaxın mənbələr məlumat veriblər. Qeyd edilib ki, H.Orucov İsranbul xəstəxanasında dünyasını dəyişib.
Hidayət Orucov 1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirdikdən sonra o, çoxşaxəli yaradıcılıq və dövlətçilik fəaliyyətinə başlayıb.
O, uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərərək, Qərbi Azərbaycandakı soydaşlarımızın mədəni simvoluna çevrilib, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə İrəvan teatrının 100 illik yubileyinin Moskvada və Bakıda yüksək səviyyədə qeyd olunmasının əsas təşkilatçısı olub.
Müstəqillik illərində respublikanın dövlət idarəçiliyində mühüm postlar tutan Hidayət Orucov, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. Daha sonra ölkəmizi xaricdə ləyaqətlə təmsil edərək Azərbaycanın Qırğızıstandakı fövqəladə səfiri missiyasını həyata keçirib.
Ədəbi mühitdə sadəcə “Hidayət” imzası ilə tanınan sənətkarın onlarla şeir kitabı, povestləri və dram əsərləri Azərbaycan teatrının səhnəsində uğurla nümayiş etdirilib. Dövlət qarşısındakı xidmətlərinə görə o, Azərbaycanın “Şöhrət”, “Şərəf” ordenləri və digər ali dövlət mükafatları ilə təltif olunmuşdu.
Görkəmli dövlət xadimi, fədakar ziyalı və böyük ustadın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
"Cebheinfo.az"


