Hakimiyyəti itirsə də, yenidən partiya lideri seçildi
Macarıstanın sabiq Baş naziri Viktor Orban hakimiyyəti itirməsinə baxmayaraq, FİDES partiyasının sədri vəzifəsinə yenidən seçilib.
"Cebheinfo.az" xəbər verir ki, partiyanın bu gün keçirilən qurultayında 62 yaşlı siyasətçi növbəti bir il üçün yenidən FİDES-ə rəhbərlik etmək mandatı qazanıb.
MTI-nin yaydığı məlumata əsasən, qurultayda iştirak edən 737 nümayəndədən 729-u Orbanın lehinə səs verib. Onun qarşısında alternativ namizəd olmayıb.
Qurultayda çıxış edən Orban son parlament seçkilərindəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
“Mən təslim olmuram, heç vaxt təslim olmuram”, - deyə o vurğulayıb.
Orban qeyd edib ki, FİDES 16 il ərzində uğurlu hakim partiya olub, lakin indi yenidən hakimiyyətə qayıtmağa hazır olan güclü müxalifət partiyasına çevrilmək üçün dəyişməlidir.
O əlavə edib ki, partiyanın hakimiyyətə qayıtması üçün mübarizə aparacaq.
Xatırladaq ki, aprelin 12-də keçirilən parlament seçkilərində “Tisza” partiyası qələbə qazanaraq hakimiyyətə gəlib. Baş nazir Peter Madyarın rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə üçdə iki səs çoxluğu əldə edib.
Seçkilərdən sonra Orbanın siyasi gələcəyi ilə bağlı müzakirələr başlayıb, bəzi keçmiş tərəfdarları isə onun siyasətdən çəkilməli olduğunu bildiriblər.
İctimai rəy sorğuları da FİDES-ə dəstəyin azaldığını göstərir. “Publicus” İnstitutunun may ayında keçirdiyi sorğuya əsasən, “Tisza” partiyasına dəstək 55 faiz təşkil etdiyi halda, FİDES-in reytinqi 17 faizə qədər geriləyib.
"Cebheinfo.az"

