Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

İyunun 12-də Sumqayıt Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Yeganə çıxış yolu – Böyük Xilaskarın tarixi qayıdışı” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin universitet ərazisində ucaldılmış büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Seminarı giriş sözü ilə açan SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində mühüm dönüş mərhələsi olduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərpasına, dövlət müstəqilliyinin qorunmasına və davamlı inkişaf strategiyasının formalaşdırılmasına əsaslı zəmin yaradıb. Rektor qeyd edib ki, taleyüklü tarixi hadisələrin mahiyyətinin gənc nəslə düzgün şəkildə çatdırılması əsas vəzifələrdən biridir. O, Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi dövlətçilik siyasətinin öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.

Eyni zamanda təhsil və elmin dövlətin inkişafında fundamental rol oynadığını diqqətə çatdıran rektor universitetin bu istiqamətdə fəaliyyətinin daim prioritet olduğunu bildirib və iştirakçılara Milli Qurtuluş Günü münasibətilə təbrikini çatdırıb. Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən seçilmiş deputatı Səbinə Salmanova çıxışında 15 iyunun müasir Azərbaycan tarixinin ən əlamətdar mərhələlərindən biri olduğunu qeyd edib. O vurğulayıb ki, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyətin hökm sürdüyü bir dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, dövlət quruculuğu prosesinə yeni impuls verib və ölkənin gələcək inkişafının əsasını formalaşdırıb.

Deputat bildirib ki, həmin dövrdə müəyyənləşdirilən siyasi kurs sonrakı illərdə ölkənin hərtərəfli inkişafını təmin edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan tarixi zəfərə nail olub. Milli Müdafiə Universitetinin professoru, elmi katib Yəhya Babanlı çıxışında Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində, eləcə də müdafiə və milli təhlükəsizlik sisteminin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə möhkəm dövlətçilik əsasları yaradılıb, milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyənləşdirilib. Bu siyasi kursun nəticəsində Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Seminar çərçivəsində Tarix və coğrafiya fakültəsinin dekanı, Əməkdar müəllim Adil Baxşəliyev “Milli sabitliyin bərpasında Heydər Əliyevin antiböhran strategiyası”, magistrant Nübar Osmanova isə “Milli Qurtuluşdan Tarixi Zəfərə: uğurla davam edən müstəqil siyasi kurs” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Milli Qurtuluşun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu, eləcə də həmin siyasi kursun ölkənin inkişafına verdiyi töhfələr geniş təhlil olunub. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və MMU tərəfindən ərsəyə gətirilən “Tarixi Qələbə - Vətən müharibəsinin xronikası” kitabı təhsil ocağına təqdim edilib.

"Cebheinfo.az"