20 yaşlı sürücü "Mercedes"lə piyadanı öldürdü:-Görüntü var

20 yaşlı sürücü "Mercedes"lə piyadanı öldürdü:-Görüntü var

Bakıda "Mercedes"lə iki piyadanı vuran 20 yaşlı sürücü hakim qarşısına çıxarılıb. Piyadalardan biri hadisə yerində ölüb.

Məlum olub ki, hadisə piyadaların yolun qadağan edilmiş hissəsindən keçməsi səbəbindən baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran-Pirşağı yolunda baş verib.

20 yaşlı Nəzir Əlili idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən Rauf Qurbanovu və Sadiq Manafovu vurub. Rauf Qurbanov hadisə yerində ölüb. Sadiq Manafovun isə topuğu sınıb.

Sürücü ifadəsində bildirib ki, avtomobillə hərəkətdə olan zaman anidən qarşısına piyadalar çıxıb. Onun sözlərinə görə, hadisə zamanı bir nəfəri maşınla vurub. Sürücü əlavə edib ki, digər xəsarət alan şəxs onun avtomobilinə dəyməyib.

İstintaq zamanı məlum olub ki, sürücü Nəzir mərhumun ailəsi ilə barışıq əldə edib. Amma xəsarət alan şəxs ondan vurulmuş zərəri tələb edir.

Məhkəmə araşdırması zamanı kamera görüntülərinə də baxılıb. Görüntülərə əsasən, avtomobilin qarşısından iki nəfər keçir. Birinci keçən şəxs Sadiq olur. İkinci keçən şəxs isə Rauf.

Avtomobilin Raufu vurması görüntülərdən də aydın olur. Lakin Sadiqi vurması aydın görünmür.

Hakim bildirib ki, görüntülər uzaq məsafədən çəkildiyi üçün Sadiqin maşınla vurulması müşahidə edilmir. Lakin Rauf maşınla vurulandan sonra Sadiq axsayaraq ona tərəf geri qayıdır.

Məhkəmə bu haqda konkret fikir bildirə bilməyib. Lakin ittihamda piyada Sadiqin də maşınla vurulduğu qeyd edilib. Məhkəmə də bu ittihama uyğun hökm çıxarıb.

Maraqlı məqam budur ki, baş verən hadisədə sürücünün hansı məsuliyyəti daşıdığını müəyyən etmək çətindir.

İstintaq deyir ki, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli imiş.

Amma kamera görüntüləri də bunu sübut edir ki, qəza baş verən ərazidə piyada zolağı olmayıb. Piyadalar yolu qaçaraq keçmək istəyib. Həm də sürücü qeyd edilən ərazidə nəzərdə tutulan sürət həddini aşmayıbmış…

Bütün bunlara baxmayaraq, sürücü məsuliyyətə cəlb edilib və cəzalandırılıb. Sürücü Nəzir Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

"Cebheinfo.az"