Əmlakla bağlı yeni qanun: Nəyi nəylə dəyişmək mümkün olacaq?

Əmlakla bağlı yeni qanun: Nəyi nəylə dəyişmək mümkün olacaq?

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər.

Belə ki, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılır.

Bu, Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.

Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.

Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.

Söhbət yalnız torpaq sahələrinin dəyişdirilməsindən gedir, yoxsa yaşayış evi, mənzil, qeyri-yaşayış sahəsi kimi digər daşınmaz əmlaklar da bu mexanizmə daxildir?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak sahəsində dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlaklarla qarşılıqlı dəyişdirilməsinə imkan verən yeni mexanizm sektorun inkişafına müsbət təsir göstərə bilər:

"Bu yanaşma bəzi hallarda vətəndaşları uzunmüddətli alqı-satqı prosedurlarından azad etməklə, prosesləri daha sadə və çevik hala gətirə bilər. Əslində, əmlakın barter üsulu ilə dəyişdirilməsi yeni anlayış deyil. 

Bu sahədə fəaliyyət göstərən iş adamları və vasitəçilər uzun illərdir müxtəlif barter əməliyyatları həyata keçirirlər. Yeni hüquqi mexanizm isə bu prosesin daha sistemli və hüquqi əsaslarla aparılmasına şərait yarada bilər.

Nəzərə almaq lazımdır ki, dövlətin balansında kifayət qədər torpaq və digər daşınmaz əmlak resursları mövcuddur. Bu aktivlərin bir hissəsi uzun müddətdir istifadə olunmur və faktiki olaraq passiv vəziyyətdə qalır. Məhz belə əmlakların dövriyyəyə cəlb olunması, onların iqtisadi baxımdan aktivləşdirilməsi həm dövlət, həm də bazar iştirakçıları üçün əlavə imkanlar yarada bilər".

O qeyd edib ki, bu sahənin daha dərindən təhlilinə ehtiyac var:

"Çünki ölkədə böyük həcmdə torpaq resursları mövcud olsa da, onların əhəmiyyətli hissəsindən səmərəli istifadə edilmir. Yeni mexanizm həm vətəndaşlar arasında əmlak münasibətlərinin daha rahat tənzimlənməsinə, həm də dövlət əmlakının daha effektiv idarə olunmasına xidmət edə bilər. 

Eyni zamanda, bu dəyişikliklər qiymətləndirmə sektorunun da inkişafını sürətləndirə bilər. Əmlakların qarşılıqlı dəyişdirilməsi zamanı obyektlərin bazar dəyərinin düzgün müəyyənləşdirilməsi vacib olduğundan qiymətləndiricilərə tələbat artacaq. 

Bu isə həm qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini, həm də daha peşəkar mütəxəssislərin yetişdirilməsini zəruri edəcək".

Onun sözlərinə görə, torpaq sahələri, yaşayış və qeyri-yaşayış obyektləri, fərdi evlər, mənzillər, ticarət obyektləri, əmlak kompleksləri və digər daşınmaz əmlak növləri daxil ola bilər: 

"Qanunvericilikdə qeyd olunan "xüsusi mülkiyyət" anlayışı da məhz vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyətində olan bu cür əmlakları əhatə edir. 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışlarda da həmin əmlakların xüsusi mülkiyyətdə olduğu göstərilir ki, bu da onların yeni dəyişdirmə mexanizminin predmeti ola bilməsini təsdiqləyir".

Gülər Həsənli 
"Cebheinfo.az"