İranın kapitulyasiyasına hazırlıq - ŞOK DETALLAR
ABŞ və İran arasında yaşanan gərginlik yenidən hərbi müstəviyə keçib.
Gecə saatlarında ABŞ ordusu İran ərazisində bir neçə hərbi hədəfə zərbələr endirib. Vaşinqton əməliyyatların “özünümüdafiə məqsədilə” həyata keçirildiyini açıqlayıb.
ABŞ rəsmilərinin məlumatına görə, zərbələrin əsas hədəfi İranın hava hücumundan müdafiə sistemləri, radar məntəqələri və hərbi infrastrukturu olub.
İran isə cavab olaraq bölgədə yerləşən ABŞ hərbi obyektlərini hədəfə aldığını bəyan edib. İran mediası məlumat verib ki, Bəhreyn, Küveyt və İordaniyada yerləşən Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar edilib.
Gərginliyin artması fonunda Tehran Hörmüz boğazının bağlandığını elan edib. Hazırda tərəflər qarşılıqlı təhdidlər səsləndirsələr də, Tramp administrasiyası diplomatik danışıqların tam dayandırılmadığını bildirir.
Maraqlıdır, əgər ABŞ İrana qarşı hücum əməliyyatlarını davam etdirmək qərarına gələrsə, son müharibə əvvəlki müharibədən nə ilə fərqlənəcək? Bu müharibədə ABŞ İrandakı rejimi tam çökdürə biləcəkmi, yoxsa əvvəlki kimi heç bir ciddi nəticə əldə olunmayacaq?
Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, növbəti hərbi əməliyyatların əvvəlkindən fərqi ABŞ-nin təkbaşına İranın hərbi obyektlərini sıradan çıxarmağa çalışmasıdır:

“ABŞ-nin və İsrailin İrana ayrı-ayrılıqda raket zərbələri endirməsi Vaşinqton ilə Tehran arasında keçiriləcək mümkün dialoq qabağı hücum əməliyyatlarıdır.
Son hücum əməliyyatları onu deməyə əsas verir ki, ABŞ və İsrail İranın özünün güclü olduğuna dair verdiyi bəyanatların nə dərəcədə real olduğunu yoxlamağa çalışır, digər tərəfdən isə İslam Respublikasının rəhbərliyinə çatdırılır ki, ABŞ və İsrail ona qarşı hücum əməliyyatlarını davam etdirə bilər.
Son hücumların mahiyyətində əsas məsələ budur ki, İran tərəfi ABŞ-la danışıqlarda “Hizbullah”ın mövcudluğunu şərt olaraq irəli sürür.
İsrail tərəfi də “Hizbullah” mövcudluğu və fəaliyyəti ölkəsinin təhlükəsizliyinə ciddi təhdid hesab edir. İsrail rəhbərliyi “Hizbullah”ın tərksilah olunmasını tələb edir və bu istiqamətdə mübarizəsini davam etdirəcəyini bildirir.
ABŞ də İsrailin mövqeyini müdafiə və maraqlı tərəf olaraq çıxış edir. Bir sözlə, həm ABŞ, həm də İsrail Livandakı “Hizbullah”la bağlı məsələnin danışıqlarda müzakirə olunmasını və şərt kimi irəli sürülməsini istəmir.
Bu baxımdan ABŞ və İsrailin İrana qarşı son hücum əməliyyatları “Hizbullah”ın danışıqlar mövzusundan çıxarılması üçün Tehrana bir ismaric də sayıla bilər”.Ekspert bildirib ki, ABŞ və İsrailin İranda rejim dəyişikliyini istəməsi istisna olunmur:
“İranda rejim dəyişiklikliyi ilə bağlı ABŞ-də müxtəlif açıqlamalar səsləndirilsə də, Vaşinqton tərəfindən bu, hələ hədəf kimi götürülməyib. Amma bunu istədikləri də istisna olunmur. Çünki İranın sabiq ali rəhbəri Seyid Əli Xameneyinin öldürülməsi ölkədə rejim dəyişiklikliyinə yönələn cəhd idi.
Müctəba Xameneyinin hələ də görünməməsi və Seyid Əli Xameneyinin hələ də dəfn olunmaması onu göstərir ki, İran hakimiyyəti hələ də toparlana bilmir. İran hakimiyyəti daxilində müəyyən mənada boşluq var. Bu hakimiyyət boşluğu danışıqların başlanmasına və danışıqlarda konkret addımların atılmasına mane olur.
Bu da qonşu ölkələrin ərazilərinin hədəfə alınması ilə nəticələnir. Qeyd edim ki, ötən gün 20-yə yaxın dövlət İranın onların ərazi bütövlüyünü pozması ilə bağlı bəyanat qəbul ediblər. İran hakimiyyəti daxilindəki qüvvələrin qonşu dövlətlərə qarşı sərt münasibət sərgiləməsi regionda İslam Respublikasının təklənməsinə səbəb ola bilər.
Bu, İrana qarşı son hücumların əvvəlki əməliyyatlardan fərqlənən xüsusiyyətdir. Hazırkı proseslər İran hakimiyyətinin həm daxildə, həm də xaricdə nüfuzuna mənfi təsir edir. Eyni zamanda yaxın perspektivdə İran hakimiyyətinin kapitulasiyasına aparır. Ancaq indiki şəraitdə İranda rejim dəyişikliyi ilə bağlı ehtimal real görünmür.”
Yunis Abdullayev
“Cebehinfo.az

