Azərbaycanlılar Yaponiya, Tayland və Vyetnama niyə çox gedir?
Son aylarda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sosial şəbəkə hesablarında diqqət çəkən bir tendensiya müşahidə olunur.
Əvvəllər daha çox Türkiyə, BƏƏ və Avropa istiqamətlərinə üstünlük verildiyi halda, hazırda Yaponiya, Tayland, Vyetnam, Cənubi Koreya, İndoneziya (xüsusilə Bali adası) və digər Asiya ölkələrinə təşkil olunan turların sayı sürətlə artır.
Beynəlxalq turizm platformalarının açıqladığı proqnozlara görə, 2026-cı ildə Yaponiya, Cənubi Koreya və Tayland turistlərin ən çox maraq göstərdiyi səyahət istiqamətləri sırasında yer alacaq. Hətta dünyanın aparıcı turizm bələdçi nəşri olan “Lonely Planet” də 2026-cı il üçün hazırladığı siyahıda Tayland və Vyetnamı dünyanın ən cəlbedici 25 turizm məkanından biri kimi təqdim edib.
Bu marağın əsas səbəbi sözügedən ölkələrin turistlərə həm ekzotik mədəniyyət, həm təhlükəsizlik, həm də fərqli təcrübələr təqdim etməsidir. Artıq turistlər yalnız dəniz istirahəti ilə kifayətlənmir, eyni zamanda yeni mədəniyyətlər tanımağa, fərqli mətbəxləri kəşf etməyə və unikal təcrübələr yaşamağa üstünlük verirlər.
Son illər sosial şəbəkələrdə yayılan səyahət videoları və bloqerlərin paylaşımları da bu istiqamətlərə marağı əhəmiyyətli dərəcədə artırıb.
Turizm eksperti Cabir Dövlətzadə "Cebheinfo.az"-a bildirib ki, Asiya ölkələrinə marağın artmasının əsas səbəbi yeni təcrübə axtarışıdır.

O qeyd edib ki, insanlar artıq ənənəvi turizm marşrutlarından fərqli olaraq yeni ölkələr və fərqli təcrübələr axtarırlar:
“Yaponiya və Çinə səyahətlərin daha çox təşkil olunması bu ölkələrin əhali tərəfindən hələ tam kəşf edilməməsi ilə əlaqədardır. Çünki insanlar yeni istiqamətlər, yeni yerlər axtarırlar.
Bu baxımdan, Vyetnam da həmin o yeni marşrutlardan biridir. Xüsusilə Asiya ölkələri ekzotik təbiəti və fərqli mədəniyyəti ilə seçilir. Buna görə də insanlar yeni yerlər görmək istəyirlər”.
Ekspertin sözlərinə görə, turizm şirkətləri də artan tələbatı nəzərə alaraq turistlərə yeni marşrutlar və səyahət paketləri təqdim edirlər:
“Bizim turizm şirkətləri də turistlərin marağını nəzərə alaraq yeni məhsullar və marşrutlar təklif edirlər ki, insanlar bu imkanlardan yararlansın və səyahətlərindən daha çox zövq alsınlar”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

