Şah İsmayıl Xətai və Ulu Öndər: Simvolik görüşün pərdəarxsı - VİDEO

1998-ci ildə Novruz bayramı ərəfəsində keçirilən dövlət tədbirlərindən birində yaddaqalan və maraqlı bir səhnəcik nümayiş etdirilib.
Şah İsmayıl Xətai ilə müasir Azərbaycanın qurucususu, Ümumilli lider Heydər Əliyevin görüşü səhnələşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli həmin tədbirləri bağlı xatirələrini sosial şəbəkədə paylaşıb:
“Yanılmıramsa, 1998-ci ilin Novruz bayramı ərəfəsi idi. Mədəniyyət Nazirliyində çalışırdım. Bayram tədbirləri ilə bağlı müzakirələr zamanı belə qərara alındı ki, bu dəfə bayram tədbirinə fərqli yanaşılsın. Şah İsmayıl Xətai ilə müasir Azərbaycanın qurucusunun rəmzi görüşünün "təşkil edilməsi" təklifini irəli sürdüm. Bəyənildi və mənə təklifimi ssenariyə çevirmək tapşırıldı. Beləliklə, Şah İsmayıl Xətainin dilindən Ulu Öndərə müraciət formasında şeir yazdım və ssenaridə bu şeirin Xətainin geyimində olan aktyor tərəfindən, Şirvanşahlar sarayının divanında ifa edilməsinin zəruriliyini vurğuladım. Xətai obrazını canlandıracaq aktyorla bağlı, demək olar ki, müzakirə aparılmadı. Bütün yaradıcı heyətin ağlından eyni sənətkarın adı keçdi...
Təbii ki, əziz dostum, böyük sənətkarımız, Xalq artisti Nurəddin Mehdixanlını nəzərdə tuturam.
Nurəddin bəy hər zaman olduğu kimi Xətainin obrazını da mükəmməl canlandırdı...
Və beləliklə, Ulu Öndər Şirvanşahlar sarayının yanından keçəndə sürprizlə qarşılaşdı. Sonradan şeiri və təbii ki, ifanı çox bəyəndiyini və hətta onun haqqında çəkilən filmlərdən birində Nurəddin bəyin ifasında bu şeirdən istifadə edildiyini eşitdim.
Bu şeirə və kiçik səhnə quruluşuna görə, mənə böyük pul mükafatı da yazdılar. Amma işdən ayrıldıqdan sonra mənə məxsus olan digər yaradıcılıq nümunələrinin səs və videoyazıları kimi, mənim üçün müstəsna önəm daşıyan və indi paylaşdığım bu görüntüləri də əldə edə bilmədim. Təsadüfən qarşıma çıxdı...
Nurəddin bəyə dərin minnətdarlığımı bildirirəm.
Ulu Öndərin ruhu şad olsun”.
"Cebheinfo.az"