İrana pul axacaq: Sülhün Tehrana faydası

İrana pul axacaq: Sülhün Tehrana faydası

Məlum olduğu kimi, Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik razılaşmanın mətninin yayılması sənəd ətrafında müzakirələri daha da artırıb. 

Sənəddə müharibənin dayandırılması, sanksiyaların ləğvi, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və nüvə proqramı ilə bağlı öhdəliklərlə yanaşı, ABŞ və regional tərəfdaşlarının İranın bərpası və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollarlıq maliyyələşdirmə təmin etməsi də nəzərdə tutulur. 

Bəs Vaşinqtonun belə böyük məbləğdə maliyyə öhdəliyi götürməsi nə dərəcədə real görünür? Bu vəsait niyə ödənilir və ABŞ əvəzində nə qazanacaq? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Amerika və İran arasında əldə olunmuş 14 maddəlik anlaşma hələ yekun sülh sazişi olmasa da, ümumilikdə proseslərin və gərginliyin səngidilməsi baxımından önəmlidir. O qeyd edib ki, burada bir çox məsələlərə toxunulub:

 “Doğrudur, prinsipial və ən vacib məsələlərin həlli 60 günlük müddət ərzində müzakirəyə buraxılıb. Amma ən azı bəzi məqamlar var ki, diqqət çəkir. Xüsusilə də ABŞ-nin Körfəz ölkələri ilə birlikdə İran iqtisadiyyatının bərpası və ona sərmayələrin yatırılması üçün 300 milyard dollarlıq fondun yaradılması məsələsi diqqətçəkicidir. 

Nəzərə alsaq ki, savaşın gedişatı dönəmində İranın şərtlərindən biri ABŞ və İsrailin İrana vurduğu zərərin ödənilməsi ilə bağlı təzminat məsələsi idi. Bu, əslində, təzminat deyildi. Mən düşünürəm ki, 300 milyardlıq vəsait Körfəz ölkələrinin vasitəsilə yaradılacaq bir fondda olacaq və ABŞ da bundan istifadə edərək İran iqtisadiyyatına müəyyən sərmayələrin qoyulmasına imkan yaradacaq”. 

Siyasi şərhçi əlavə edib ki, Vaşinqtonun İran iqtisadiyyatına daxil olması üçün yeni imkan yaranır: “Nəzərə alsaq ki, hələ fevral ayında, savaşdan öncə tərəflər arasında aparılan danışıqlarda İranın təkliflərindən biri ABŞ-nin İranın enerji və mədənçilik sektorlarına müəyyən şərtlərlə investisiya qoyuluşuna şərait yaradılması ilə bağlı idi. 

Yəni İran anlaşma müqabilində Amerika tərəfinə öz iqtisadiyyatına investisiya yatırmağı təklif edirdi. Düşünürəm ki, bu addım ilk baxışda İranın bərpasına və təzminat xarakterli dəstək kimi yönəlsə də, əslində burada bir formada Körfəz ölkələrinin vəsaitləri hesabına ABŞ İranın enerji sektorunda iştirak imkanları əldə edə bilər. 

Yəni bu investisiyalar yalnız bərpa məqsədi daşımır. Qoyulan sərmayələr gələcəkdə Amerikanın İran iqtisadiyyatında müəyyən paya və iştirak imkanlarına sahib olması deməkdir. Bu baxımdan hesab edirəm ki, burada hər iki tərəfin maraqları var və həmin maraqlar təmin oluna bilər”. 

Oqtay Qasımovun sözlərinə görə, İran xarici investisiyalar hesabına iqtisadiyyatını dirçəltməyə çalışır: 

“Əlbəttə ki, bu, İran üçün olduqca böyük məbləğdir. Bu vəsaitlər İran iqtisadiyyatının bərpası baxımından ciddi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, İranın Çinlə də imzaladığı bir razılaşma var və həmin razılaşmaya əsasən Çin 25 il ərzində İran iqtisadiyyatına 400 milyard dollar investisiya yatırmalıdır. 

Yəni Tehran həm öz coğrafi imkanlarından, həm də yaranmış şəraitdən istifadə edərək iqtisadiyyatını dirçəltmək üçün məhz bu xarici investisiyaların cəlb edilməsinə çalışır. Buna da hələlik nail olub desək, yanılmarıq. 

Çünki əgər sənəd ayın 19-da imzalanarsa, ABŞ artıq bu öhdəliyi öz üzərinə götürmüş olacaq və onun yerinə yetirilməsi razılaşmanın vacib şərtlərindən birinə çevriləcək”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az”