Milli Qurtuluş Günü ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb
Azərbaycanın müasir tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkənin taleyini dəyişən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi sınaq qarşısında qoymuşdu.
Belə bir mürəkkəb dövrdə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlətçiliyin möhkəmləndirilməsinə və gələcək inkişafın əsaslarının formalaşdırılmasına imkan yaratdı.
Məhz buna görə də 15 iyun Azərbaycan tarixində qurtuluşun, siyasi sabitliyin və milli birliyin rəmzi kimi qeyd olunur.
Sabiq deputat Etibar Əliyev “Cebheinfo.az”-a bildirib ki, 15 iyun Azərbaycanın tarixində çox mühüm bir səhifədir:

“15 iyunda Ümummilli Liderimiz Heydər Əliyevin Parlamentə sədr seçilməsi, şübhəsiz ki, Azərbaycanı dəhşətli vətəndaş müharibəsindən və separatizmdən xilas etdi. Talış-Muğan Respublikasını yaratmaq iddiasında olan Əlikram Hümbətov ifşa olundu. Azərbaycan parçalanmaqdan xilas edildi, separatizmin qarşısı alındı.
Şübhəsiz ki, dövlətin və müstəqilliyin qorunmasının memarı Ümummilli Liderimiz Heydər Əliyevdir. Onun hakimiyyətə qayıdışı ilə ölkədə baş verən anarxiyanın qarşısı alındı. Eyni zamanda dövlət qurumlarının iflic vəziyyətə düşməsi və parlament böhranı Heydər Əliyev tərəfindən aradan qaldırıldı.
Ona görə də xalqımız bu günü Milli Qurtuluş Günü kimi yüksək səviyyədə qeyd edir. Bu günlə bağlı çoxsaylı məqalələr yazılır, sosial şəbəkələrdə paylaşımlar edilir və bu da tarixi yaddaşı təzələyir.
Gənc nəsil də artıq anlayır ki, 15 iyun Azərbaycana hansı töhfələri verib. Əgər həmin dövrdə separatizmin qarşısı alınmasaydı, Azərbaycan bir dövlət kimi məhv olub gedə bilərdi.
Həmin vaxt ölkəni dağıtmaq niyyətində olan məkirli qüvvələr və hakimiyyətə gəlmək istəyən şəxslər çox idi. Onların böyük əksəriyyəti isə dövlətçiliyin əlifbasını belə bilmirdi”.
Deputat qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və əbədi olaraq yaddaşlarda qalacaq.
Aişə Abdulova
“Cebheinfo.az”

